Azərbaycan millisinin voleybolçusu: Əsas hədəf komandanı Avropa çempionatına kimi yaxşı səviyyəyə gətirməkdir İdman

Azərbaycan millisinin voleybolçusu: Əsas hədəf komandanı Avropa çempionatına kimi yaxşı səviyyəyə gətirməkdir

“Düşünürəm ki, hansısa rəqibi fərqləndirmək düzgün çıxmaz. Çünki bizimlə qarşılaşacaq komandalar böyük təcrübəyə sahibdirlər”.

Bu sözləri açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova Qızıl Avropa Liqasındakı rəqibləri barədə danışarkən deyib.

O, komandaların heyətinin hər il dəyişdiyini bildirib: “Əvvəlcədən hansı yığmanın güclü olduğunu təxmin etmək mümkün deyil. Taktika rəqiblərə uyğun olmalıdır. Hər matça fərqli tərzdə yanaşacağıq. Bilirik ki, həmin komandaların güclü və zəif nöqtələri var. Boşluqlardan yaxşı şəkildə istifadə etmək istəyirik”.

N.Başnakova bu turnirin 2026-cı ildə keçiriləcək Avropa çempionatına hazırlaşmaq üçün yaxşı şans olduğunu bildirib: “Əsas hədəf Avropa çempionatına kimi komandanı yaxşı səviyyəyə gətirməkdir. Artıq Azərbaycan millisinin heyətinə gənc voleybolçular cəlb olunurlar. Qızıl Avropa Liqasında onlara şans verərək, təcrübə toplamalarına şərait yaratmalıyıq. Bununla yanaşı, uzun illərdir yığmada çıxış edən oyunçular da özlərini formada saxlamalı və öz təcrübələrini gənclərlə bölüşməlidirlər. Nə olursa olsun, hər matça ciddi, məsuliyyətli yanaşmalıyıq. Bu halda uğurlu nəticə əldə edəcəyik”.

Qeyd edək ki, Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan millisi Qızıl Avropa Liqasında Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya və Xorvatiya ilə üz-üzə gələcək. Turnirdə ilk 4 yeri tutan yığmalar “dördlər finalı”na yüksələcəklər.