BMU-nun tələbəsi cüdo üzrə Azərbaycan çempionatında II yeri tutub İdman

BMU-nun tələbəsi cüdo üzrə Azərbaycan çempionatında II yeri tutub

Bakı Mühəndislik Universitetinin (BMU) IV kurs tələbəsi, Azərbaycan milli yığma komandasının üzvü Şahin Əsədov Bakı İdman Sarayında qadınlar və kişilər arasında keçirilən cüdo üzrə ölkə çempionatının fərdi yarışlarında II yeri tutub.

Bu barədə Xalqcebhesi.az-a BMU-dan bildirilib. Yarışda 14 çəki dərəcəsi üzrə 60 klub, cəmiyyət və idman təşkilatından 324 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Bu yarışda gümüş medal qazanan BMU tələbəsi Şahin Əsədov 5 yaşından cüdo-sambo idman növü ilə məşğul olur və indiyə qədər bir çox nailiyyətlərə imza atıb. 2018-2019-cu illərdə cüdo üzrə ölkə birinciliyində iki dəfə bürünc medal, 2022-ci ildə isə respublika üzrə çempionatda gümüş medal əldə edib. 2021-ci və 2023-cü illərdə respublika çempionu olan Ş.Əsədov 2023-cü ildə Bakıda keçirilən Raquf Orucov adına Beynəlxalq Cüdo Turnirində bürünc medala, habelə Gürcüstanın Tbilisi şəhərində sambo güləşi üzrə kişilər arasında dünya və Avropa çempionu Arçil Çoxeliyə həsr edilmiş beynəlxalq turnirdə erməni rəqibinə tam üstünlüklə (9-0) qalib gələrək bürünc medala sahib olub.