Vitse-prezident: Azərbaycanda ilk dəfə keçiriləcək dünya çempionatı ölkəmizdə sumonun inkişafına təkan verəcək İdman

Vitse-prezident: Azərbaycanda ilk dəfə keçiriləcək dünya çempionatı ölkəmizdə sumonun inkişafına təkan verəcək

“Azərbaycanda 2026-cı ildə ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatı ölkəmizdə sumonun inkişaf və tanınmasına təkan verəcək”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov deyib. O, bu qərarın Polşanın Krotoşin şəhərində keçirilmiş Beynəlxalq Sumo Federasiyasının idarə heyətinin ilin sonuncu iclasında verildiyini bildirib: “Həmin iclasda namizəd ölkələrin təqdimatı oldu. Son olaraq Azərbaycan Braziliya ilə mübarizədə 12-6 səs çoxluğu ilə qalib gəldi. Beləliklə, Azərbaycan digər ölkələri qabaqlayaraq, yeniyetmə və böyüklər arasında dünya çempionatına ev sahibliyi hüququ qazandı. Turnirin sentyabr və oktyabr aylarında Bakıda keçiriləcəyi gözlənir”.

Vitse-prezident Azərbaycan sumoçularının Vətəndə yaxşı nəticələr əldə edəcəklərinə inandığını söyləyib: “Bu yarışda ölkəmizi kimlərin təmsil edəcəyi hələlik bəlli deyil. Bu barədə indidən hər hansı proqnoz vermək çətin olar. İndiyə qədər bu idman növü üzrə dünya çempionumuz olmayıb. Turnir qadın və kişilər arasında təşkil olunacaq. Hər ölkədən 5 çəki kateqoriyasında bir idmançı iştirak edə bilər. Azərbaycanda bu vaxta kimi qadın sumoçu olmayıb. Biz 2 il ərzində sumo üzrə peşəkar qadın idmançı yetişdirməyə çalışacağıq. İnanırıq ki, idmançılarımız ümidləri doğruldacaq, mundialı qızıl medallarla başa vuracaqlar”.