20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş 10-cu “ARPACHAY OPEN” karate turniri uğurla yekunlaşıb İdman
Yarışda “Qara qaplan” klubu birinci, “Qara brilyant” klubu ikinci, Qazaxıstanın Cambul vilayətinin idman klubu isə üçüncü olub
17–19 yanvar 2025-ci il tarixlərində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan 10-cu “ARPACHAY OPEN” turniri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Karate Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə baş tutub.
Ölkəmizdə vətənpərvərliyin təbliğində və karate idman növünün inkişafında əhəmiyyətli rol oynayan “ARPACHAY OPEN” karate turnirinin sayca X – yubiley yarışının təntənəli açılış mərasimi 18 yanvar 2025-ci il tarixində Bakı İdman Sarayında keçirilib. Dövlət rəsmilərinin, millət vəkillərinin, Müdafiə Nazirliyinin və idman ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi açılış mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Müdafiə Nazirliyinin Hərbi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov, Milli Məclisin üzvləri Sadiq Qurbanov, Vüqar İskəndərov və Vüqar Rəhimzadə xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsindən, 44 günlük Vətən müharibəsindən və dövlətimizin idmana göstərdiyi diqqət və qayğıdan danışıblar. Daha sonra tədbirdə qonaqlara hədiyyə və fəxri diplomların təqdim olunması mərasimi keçirilib.
Mərasimin bədii hissəsində, “Öncə Vətən” İctimai Birliyinin rəhbəri Fərahim Sadiqin və Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda xüsusi kompozisiya təqdim edilib.
Sonda çıxış edən Zeyd Döyüş Mərkəzinin birinci vitse-prezidenti, Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov şəhidlərin əziz xatirəsinin anılmasının müqəddəs mənəvi borc olduğunu, eyni zamanda bu cür tədbirlərin birlik, dostluq və idmanın əsas qayəsi və gücünü nümayiş etdirdiyini vurğulayaraq, hərtərəfli dəstəyə görə AKF prezidenti, Milli Məclisin üzvü Ülvi Quliyevə, Müdafiə Nazirliyinin nümayəndələrinə, idman klubları və ictimai birliklərin rəhbərlərinə, hakimlərə, məşqçilərə, idmançılara və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib. Y.Hüseynov xüsusi olaraq Arpaçay İdman Birliyinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə keçirdiyiyarışlarda, eyni zamanda 10-cu "ARPACHAY OPEN" turnirində göstərdiyi yüksək diqqət və qayğıya görə Bakı İdman Sarayının direktoru Əli Əsgərova minnətdarlığını çatdırıb.
Qeyd edək ki, 3 gün davam edən 10-cu “ARPACHAY OPEN” turnirində 10-a yaxın xarici ölkədən, o cümlədən Türkiyə, İran, Çexiya, Gürcüstan, Qazaxıstan, Küveyt, Özbəkistan, Rusiya, habelə paytaxt Bakıdan və regionlardan 700-ə yaxın idmançı kata və kumite yarışlarında mübarizə aparıblar. 65-dən çox idman birliyi, klubu və təşkilatının iştirak etdiyi turnirdə ümumi nəticələrə görə, “Qara qaplan” klubu birinci, “Qara brilyant” klubu ikinci, Qazaxıstanın Cambul vilayətinin idman klubu üçüncü, Arpaçay Karate Klubu isə dördüncü olub.