

Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025-ci illər mövsümündə II dövrənin ilk oyunları keçirilib.
Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, açılış matçı A qrupunda mübarizə aparan Azərbaycan İdman Akademiyası və Bakı Mühəndislik Universitetinin komandaları arasında olub. Qarşılaşma akademiya komandasının 5:0 hesablı qələbəsi ilə bitib. Daha sonra keçirilən görüşlərdə Bakı Dövlət Universiteti Azərbaycan Dövlət İqtisad Universitetini 4:0 hesabı ilə üstələyib, Azərbaycan Texniki Universiteti - Azərbaycan Memarlıq və İnşaat Universiteti oyununda isə heç-heçə qeydə alınıb.
B qrupunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Kooperasiya Universitetini 5:0, Azərbaycan Tibb Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetini 3:0, Milli Aviasiya Akademiyası Bakı Slavyan Universitetini 8:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə keçirilir.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.
Azərbaycan Texniki Universitetinin idman kompleksində 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa 2025-ci ilin may ayında yekun vurulacaq.