

“Qarabağ” əla komandadır”.
Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Portuqaliya millisinin keçmiş futbolçusu Nunu Qomeş Azərbaycan təmsilçisi “Qarabağ” barədə danışarkən deyib.
48 yaşlı veteran hücumçu Azərbaycan çempionunun klub kimi yaxşı formalaşdığını bildirib: “Qarabağ”ı Avropada uğurlu çıxışı ilə bir çox futbolsevər tanıyır. Onlar hətta ötən mövsüm Portuqaliya “Braqa”sını Avropa Liqasının pley-off mərhələsində məğlub etməyi bacardılar. Bu klubda uğur qazanmaq üçün hər şey edilir. Komandaya məşqçi kimi yaxşı karyeraya malik Qurban Qurbanov rəhbərlik edir. Onun futbolçu kimi də yaxşı çıxış etdiyini eşitmişəm”.
Qeyd edək ki, Nunu Qomeş karyerası ərzində ölkəsində “Benfika” və İtaliyada “Fiorentina” kimi tanınmış komandalarda çıxış edib. O, Portuqaliya millisinin heyətində 79 oyunda 29 qolla yadda qalıb. Yığma ilə 2000-ci il və 2004-cü il Avropa çempionatlarında, müvafiq olaraq, bürünc və gümüş medallar qazanıb.