

“Azərbaycanda idmanın inkişafı üçün görülən işlər göz önündədir. Beynəlxalq turnirlərdə yer tutan idmançılarımıza, Olimpiya mükafatçılarımıza həmişə xüsusi diqqət ayrılır. Hər birimiz ölkə rəhbərliyi tərəfindən göstərilən dəstəyi çox yaxşı hiss edirik. Sevindiricidir ki, ölkəmizdə əldə edilən uğurların heç biri qarşılıqsız qalmır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran voleybolçusu Alla Həsənova ölkədə idmanın inkişafı barədə danışarkən deyib.
Voleybola 7 yaşı olarkən başladığını söyləyən qadınlardan ibarət milli komandanın keçmiş üzvü ömrünün böyük hissəsini idmana həsr etdiyi üçün xoşbəxt olduğunu söyləyib: “1985-ci ildə 15 yaşım olanda Faiq Qarayev yığmamızın baş məşqçisi təyin edildi və mən həmin vaxt SSRİ çempionatının I Liqasında çıxış edən əsas komandaya qoşuldum. Ardıcıl iki il liqada birinci yeri tutduq. Sonra dərhal əsas liqaya keçdik. SSRİ çempionatının bürünc mükafatçısı, kubokun son qalibi olduq. 2005-ci ildə Avropa çempionatını dördüncü pillədə tamamladıq. Həmin ildə məşqçilik karyerama başladım. Artıq iyirmi ildir məşqçi kimi fəaliyyət göstərirəm”.
Mütəxəssis voleybolda özünü sınamaq istəyən gənclərə məsləhət verib: “İlk növbədə gündəlik rejimləri olmalıdır. Vaxtında yatmaq, vaxtında isə oyanmaq lazımdır. Telefonla çox vaxt keçirməməlidirlər. Ümumiyyətlə, telefonu əsrin bəlası hesab edirəm. Gənclər istirahət, yuxu və qida rejiminə riayət etməlidirlər. Ən önəmli məqamlardan biri də mütaliə etməkdir. Kobud səslənsə də, idmanda fiziki güclə yanaşı, ağıl və məntiq də lazımdır. Komanda idman növlərində tez düşünməyi bacarmalısan. Topla nə edəcəyinlə bağlı qərarları tez bir zamanda qəbul etməlisən. Bu idmandır, burada hər şey mümkündür. Kiçik bir səhv zədəyə səbəb ola, bununla da karyera bitə bilər. Ona görə də biliyə həmişə ehtiyac var”.
A.Həsənova Milli Olimpiya Komitəsinin ötən ay keçirilmiş iclasında qurumun İcraiyyə Komitəsinə üzvü seçilməsinə də münasibət bildirib: “Etimada görə ilk növbədə, dövlətimizin başçısına, daha sonra isə Milli Olimpiya Komitəsinə təşəkkürümü bildirirəm. Bu, əlbəttə ki, hər bir idmançı üçün böyük şərəf və qürurdur. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum. Məsuliyyətimi ən yaxşı şəkildə nümayiş etdirəcək, idmanımızın rifahı naminə səylər göstərəcəyəm. İdmançılarımıza yüksək nailiyyətlər, xüsusilə də Olimpiadaya lisenziya qazanmalarını arzulayıram. Ümid edirəm ki, idmançılarımız ölkəmizi “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarında layiqincə təmsil edəcəklər. Onlara sağlamlıq, zədəsiz həyat arzulayıram. İdmanımızın beynəlxalq arenada çiçəklənməsini, himnimizin tez-tez səslənməsini, bayrağımızın daima ən yüksəkdə dalğalanmasını diləyirəm”.