Şahin Diniyev: “Qarabağ”ın kubokda final şansı yüksəkdir, “Neftçi”-“Sabah” oyununda isə favorit görmürəm İdman

Şahin Diniyev: “Qarabağ”ın kubokda final şansı yüksəkdir, “Neftçi”-“Sabah” oyununda isə favorit görmürəm

“Düşünürəm ki, “Qarabağ”ın Azərbaycan Kubokunda finala yüksəlməyə daha çox şansı var”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev ölkə kubokunun yarımfinal mərhələsində keçiriləcək oyunlar barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, “Qarabağ”ın “Araz-Naxçıvan”ı keçmək şansı yüksəkdir: “Ağdam klubu ölkə kubokunu əldən buraxmayacaq. Qurban Qurbanovun bu matçlarda heyətdə rotasiya edəcəyini düşünmürəm. “Qarabağ”ın oyun üslubu, eləcə də oyunçuların keyfiyyəti fərq yaradacaq. “Araz-Naxçıvan”a gəlincə, onların liqada üçüncü yeri tutacağı hələlik dəqiq deyil. Dördüncü olan “Turan Tovuz”la aralarında 5 xal fərq var. Bu baxımdan, Naxçıvan təmsilçisi üçün kubok önəmlidir. Sürpriz nəticə ola bilər. Kubokda bu hallar daha çox olur. Məsələn, İngiltərə Kubokunda bəzən V Liqa komandası Premyer Liqa klubunu məğlub edir”.

Ş.Diniyev “Neftçi”-“Sabah” duelində isə şansların bərabər olduğunu söyləyib: “Hər iki komanda ölkə çempionatında qeyri-sabit oyun nümayiş etdirir. Bu səbəbdən hansısa tərəfi favorit hesab etmək olmur. Mübarizəni dayandıracaq kollektiv üçün nəticəni fiasko adlandırmaq olar. Çünki həm “Neftçi”nin, həm də “Sabah”ın heyəti avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Turan Tovuz” ilə “Araz-Naxçıvan”dan geri qalmır”.

Onun sözlərinə görə, “Neftçi” və ya “Sabah” mövsümü titulsuz başa vursa belə, baş məşqçilərlə yola davam edilməlidir: “Çünki həm Samir Abasov, həm də Vasili Beruzutski mövsümün ortasında komandaya gəliblər. Onlara şans verilməlidir”.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qarabağ” və “Neftçi” – “Sabah” oyunları aprelin 2-də keçiriləcək. Qarşılaşmalar müvafiq olaraq, saat 17:00 və 19:30-da başlayacaq.