Azərbaycan futzal millisinin baş məşqçisi: Seçmə mərhələdə ilk qələbəmizi qazanmaq istəyirik İdman

Azərbaycan futzal millisinin baş məşqçisi: Seçmə mərhələdə ilk qələbəmizi qazanmaq istəyirik

“Seçmə mərhələ çərçivəsində son səfər oyunumuzdur. İstəyirik ki, ilk qələbəmizi qazanaq. Uşaqlar çox istəklidirlər”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa çempionatının əsas seçmə mərhələsində səfərdə İsveçlə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis komandasının hazırlığı ilə bağlı məlumat verib: “Komanda dünəndən təlim-məşq toplanışına başlayıb. Günü iki məşqlə başa vurduq. Bu gün də eyni qrafiklə - 2 məşqlə davam edəcəyik. Sabah isə Bakıda son məşqimizi keçib gecəyarı səfərə yollanacağıq”.

O, heyətdə bəzi problemlərin olduğunu vurğulayıb: “Ülvi Əliyev zədəli olduğuna görə ümumiyyətlə siyahıya adını daxil etmədik. Daha sonra “Baku Fire”nin üzvləri - qapıçı Kamran Hacıyev və hücumçu Nihad İsmayılov yüngül zədələrinin və ağrılarının olduğunu bildirdi. Biz də onlara müalicə üçün şərait yaratdıq. Rövşən Hüseynli isə intizam qaydalarını pozduğuna görə düşərgədən kənarlaşdırılıb. Əvəzində “Neftçi” İK-dan qapıçı Vladislav Reznov və “Şuşa”nın təcrübəli hücumçusu Rüstəm Bağırov komandanın düşərgəsindədir. Fiziki yükləmələr fonunda taktiki çalışmalara da yer veririk. Uşaqların əhvali-ruhiyyəsi yaxşıdır”.

Çalışdırıcı rəqibin son iki oyununu izlədiklərini bildirib: “Bizim üçün zədələrlə paralel, oyunun keçiriləcəyi məkanın örtüyünün terafleks olması da çətinlik yaradacaq. Biz adətən parketdə oynayırıq. Terafleksdə oynamaq fərqlidir – top parketdəki kimi sürətli hərəkət etmir. Üstəlik bu örtükdə demək olar, 8 ildir oynamırlar. Qrupdan çıxmaq şansımız olmasa da, reytinq xallarımızı artırmaq üçün səfərdən mütləq 3 xalla dönmək istəyirik”.

Qeyd edək ki, İsveç–Azərbaycan matçı aprelin 11-də keçiriləcək.