Türkiyə millisinin baş məşqçisi: Azərbaycan boksu son illər yüksək səviyyədə inkişaf edib İdman

Türkiyə millisinin baş məşqçisi: Azərbaycan boksu son illər yüksək səviyyədə inkişaf edib

"Gimnaziadada dörd boksçu ilə mübarizə aparacağıq. Onların ikisi qız, digər ikisi isə oğlandır".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında çıxış edəcək boks üzrə Türkiyə millisinin baş məşqçisi Salim Dalbudaq deyib.

O bildirib ki, bu cür yarışlar idmançılara gələcək turnirlər üçün yaxşı təcrübə qazandırır: "Məqsədimiz ölkəmizə qızıl medallarla qayıtmaqdır. Bir və ya iki qızıl mükafat qazanacağımıza çox inanıram. Sual yarana bilər ki, “yarışa niyə dörd boksçu ilə qatıldınız?" Bu, Türkiyə Boks Federasiyasının verdiyi qərardır. Seçilmiş və hazırlığı yüksək olan idmançıları buraya gətirdik".

Türkiyəli mütəxəssis Azərbaycan boksunun son illərdə yüksək səviyyədə inkişaf etdiyini söyləyib: "Bunun əyani sübutu qazanılan nəticələrdir. Azərbaycan boksunda yaxşı adlar var. İnşallah, gələcəkdə uğurlarınız daha böyük olar. Gimnaziadada komandanıza uğurlar arzulayıram".

Qeyd edək ki, Gimnaziadada boks yarışlarına aprelin 10-da start veriləcək.