Qəbələ-Xankəndi ultramarafonu başa  çatıb İdman

Qəbələ-Xankəndi ultramarafonu başa  çatıb

Qəbələ-Xankəndi ultramarafonunda qaliblər müəyyənləşib. Bu münasibətlə şəhərdə əsil bayram əhval - ruhiyyəsi yaşanıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən xalqcəbhəsi.az-a verilən məlumata görə, Qəbələdən başlayan yarış Xankəndidə başa çatıb. Ultramarafon iştirakçıları bir neçə rayonunun ərazisindən keçərək, 192 kilometr məsafə qət ediblər.

Ağdamdan başlayan son mərhələnin qalibi kişilər arasında türkiyəli Ömər Alkanoğlu olub. Onun həmyerlisi Üzeyir Söyləməz və gürcüstanlı Giorgi Lomidze 2-ci və 3-cü yerləri tutublar.

Qadınların mübarizəsində isə türkiyəli Hasibə Dəmir bütün rəqiblərini qabaqlayaraq, finişə hamıdan tez çatıb. Ukraynalı Olena Şevçenko 2-ci, Azərbaycan təmsilçisi Leyla Abdinova 3-cü olub.

Dörd mərhələnin nəticəsinə əsasən, Üzeyir Söyləməz və Olena Şevçenko yarışın baş mükafatına (4000 manat) layiq görülüblər. İkinci yeri tutan Ömər Alkanoğlu və Hasibə Dəmir 3000, üçüncü olan Giorgi Lomidze və rusiyalı Mariya Kalpakova 2000 manata sahib çıxıblar.

Qalibləri təbrik edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ultramarafon aprelin 10-da “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürüb. 192 kilometr məsafəni əhatə edən yarışa 81 atlet qatılıb. Ultramarafon iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də olub. İştirakçılar Qəbələdən Ağdaşa 55, Ağdaşdan Bərdəyə 65, Bərdədən Ağdama 44, nəhayət Ağdamdan Xankəndiyə 28 kilometr məsafə qət ediblər.