Formula-1 Azərbaycana lazım deyil İdman

Formula-1 Azərbaycana lazım deyil

Nahid Canbaxışlı: "Dünyanın inkişaf etmiş ölkələri belə bu yarışın yükünü çəkmək istəmirlər"

Məhəmməd Əsədullazadə: "Azərbaycan yarışlarla bağlı müqavilənin 2025-ci ilə qədər artırılmasından imtina etməlidir"

Formula-1 üzrə Azərbaycan Qran-Prisinin müqaviləsinin 2025-ci ilədək uzadılması ilə bağlı müzakirələr gedir. Azərbaycan Qran-Prisinin promouteri Arif Rəhimov TASS-a bildirib ki, Formula-1 üzrə Azərbaycan Qran-Prisinin təşkilatçıları, bu ilin yayına qədər "kral yarışı"nın rəhbərliyinə, onlarla müqaviləni 2025-ci ilədək uzadıb-uzatmacaqlarına dair cavab verməlidir. Onun sözlərinə görə, hazırkı müqavilə 2020-ci ildə bitir.
Gənclər və İdman naziri Azad Rəhimov, bu yarışların Azərbaycanda 2016-ci ildən etibarən keçirildiyini xatırladaraq, bildirib ki, bu yarışların keçirilməsi üçün çəkilən xərcin 80 faizini Azərbaycan ödəyir.
"Bir neçə ay ərzində, biz Formula-1 rəhbərliyinə müqavilənin daha 5 il müddətinə, 2025-ci ilədək uzadılması ilə bağlı cavab verməliyik. Hamı başa düşür ki, hazırki müqavilə qəbuledilməzdir. Mənə elə gəlir ki, bunu Formula-1-in yeni rəhbərliyi də başa düşür. Burada söhbət bizim ödədiyimiz məbləğdən, bəzi kommersiya şərtlərindən gedir. Amma onu deyim ki, bizim eyni zamanda bu "kral yarışları"nı Azərbaycanda saxlamaq niyyətimiz var".
Qeyd edək ki, Azərbaycan Qran-Prisi 27-29 aprel tarixlərində keçiriləcək.
Göründüyü kimi, həm şərtlər Azərbaycanın maraqlarına cavab vermir, həm də bu yarışın Azərbaycana iqtisadi baxımdan xeyir verməməsi, yarışa marağın az olması dəfələrlə gündəmə gəlib və müzakirə olunub. Həmçinin onsuz da sıxlıq olan Bakıda, şəhərin mərkəzində təşkil olunan yarış əhalinin narazılığına səbəb olur. İlk növbədə şəhərdə tıxac yaranır, bundan başqa səs-küy dözülməz həddə çatır.
Vətəninfo.az xəbər portalının baş redaktoru Nahid Canbaxışlı bildirdi ki, Formula-1 yarışlarının Azərbaycana iqtisadi və turizim baxımından nə verdiyi dəfələrlə müzakirə olunub: "Bu barədə mən konkret olaraq rəqəm açıqlaya bilmərəm. Amma inanmıram ki, bu yarış Azərbaycana iqtisadi baxımdan divident gətirsin. Amma onu deyə bilərəm ki, Azərbaycanın bağladığı müqaviləyə əsasən bu yarış 5 il Bakıda keçirilməlidir.Yəni paytaxt sakinləri ilə yanaşı, ölkəmizə gələn qonaqlar hələ bir neçə il bu "vız-dız" səsini eşitməyə məhkum olub. Azərbaycan təbii ki, idman ölkəsi olaraq dünyada tanınır. Amma Formula-1 yarışları Bakıya yaraşmır. Bilirsiniz Formula-1 kimi yarışlar üçün müxtəlif yerlər hazırlanır və orda keçirilir.Yoxsa paytaxtın mərkəzi və əsasən də işlək küçə və prospektlərini iflic vəziyyətə salıb, yarış keçirmək hansı məntiqə söykənir bilmirəm.Türkiyə illər öncə belə bir yarışlar üçün meydança inşa etdi. İndi həmin meydançada ikinci əl avtomobillər satılır. Dünyanın inkişaf etmiş ölkələri belə bu yarışın yükünü çəkmək istəmirlər. Ona görə də Formula-1 yarışları bizim ölkəyə lazım deyil".
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə isə diqqətə çatdırdı ki, Azərbaycanın beş il üzərinə götürdüyü Formula1 idman ölkəmizin dünya idman arenasında tanınmasına səbəb olur: "Amma hazırda müəyyən çətinliklər və hər il belə bir yarışların keçirilməsi hesab edirəm ki, artıq xərclərə səbəb olur. Ondan əlavə, bu yarışlara ayrılan vaxt, şəhərdə tıxac problemləri əhalinin narahatlığına səbəb olur. Belə bir yarışların hər il keçirilməsi ölkədə maliyyə çətinliyinidə artırır. Azərbaycan bundan sonrakı prosesdə, yarışlarla bağlı müqavilənin 2025-ci ilə qədər artırılmasından imtina etməlidir. Buna ayrılan vəsait digər sosial xərclərə sərf olunmalıdır. Formula1 yarışları ölkədə beş ildən sonra keçirilməsi məsləhətdir. Azərbaycanın idman yarışlarına ev sahibliyi etməsi, ölkınin imicini artıran əsas məsələdir. Ölkəmiz digər idman yarışlarına ev sahibliyi edir. Bu elə bir yarışdır ki, buna ayrılan vəsait özünü doğrultmur və əlavə xərc tələb edir. Ona görə düşünürəm ki, bu yarışlarla bağlı müqavilənin artırılması Azərbaycanın maraqlarına cavab vermir".

Əli