İyulun 22-29-da İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilib. 40-dək ölkədən 300-dən çox atletin iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar. Onlar tarixi uğura imza ataraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüblər. Yeniyetmələrdən ibarət yığma komandamız toplamda 4 qızıl, 1 gümüş və 2 bürünc, ümumilikdə isə ayrı-ayrılıqda birdən və təkanla qaldırma hərəkətləri, həmçinin toplamdakı medallar nəzərə alınmaqla 22 medal qazanıb. Bu göstəricidə Azərbaycan 25 medal qazanan Türkiyə yığmasından sonra ikinci olub.
17 yaşadək olan qız ağır atletlərimiz 115 xalla 12-ci, oğlan ağır atletlərimiz isə 471 xalla (4 qızıl, 3 gümüş və 3 bürünc medal) dördüncü yerə çıxıblar. 15 yaşadək olan qız ağır atletlərimiz Avropa birinciliyinə 44, 48, 53, 58, 63, 69 kiloqramda cəmi yeddi nəfərlə qatılıblar. Toplam 409 xal toplayan qızlardan ibarət yığmamız komanda hesabında Avropada üçüncü yeri tutmağı bacarıb. Millimiz yalnız İtaliya və Türkiyədən geri qalıb. 15 yaşadək olan yeniyetmə oğlan ağır atletlərdə isə yığmamız 50, 56, 62, 77 və 94 kiloqram çəki dərəcələrində cəmi səkkiz nəfərlə təmsil olunub. 6 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan yığmamız bu nəticə ilə medal hesabında Avropanın ikinci ən güclü komandası olub. Medallarla yanaşı, atletlərimiz milli komandanın aktivinə xallar da yazdırıblar. Nəticədə yığmamızın üzvləri cəmi 550 xal toplayıblar. Bunun sayəsində Azərbaycan yığması Bolqarıstan və Türkiyə millilərini arxada qoyaraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüb.