Türkiyə və ABŞ Birgə Strateji Mexanizmi işə salıb Dünya

Türkiyə və ABŞ Birgə Strateji Mexanizmi işə salıb

Türkiyə və ABŞ ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutan Birgə Strateji Mexanizmi işə salıb.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda qeyd olunur ki, Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında 2021-ci ilin oktyabrında Romada keçirilmiş görüşdə əldə edilən razılaşmaya uyğun olaraq Türkiyə-ABŞ Strateji Mexanizminə aprelin 4-də Ankarada start verilib.

Məlumata görə, Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və ABŞ dövlət katibinin siyasi işlər üzrə müşaviri Viktoria Nulandın rəhbərliyi ilə iki ölkəni təmsil edən heyətlər arasında keçirilmiş görüşdə iqtisadiyyat və müdafiə sənayesi sahəsində əməkdaşlıq, terrorla mübarizə, regional və qlobal məsələlər daxil olmaqla tərəflər üçün qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

ABŞ Türkiyənin Ukrayna böhranının “ədalətli və diplomatik danışıqlar yolu ilə həlli” istiqamətində səylərini alqışlayıb.

Tərəflər həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq olduqlarını vurğulayıblar.

Bildirilir ki, ABŞ Ticarət Nazirinin müavini Marisa Lago Strateji Mexanizmin iqtisadiyyat və ticarət sahələrinə aid əməkdaşlığı genişləndirmək məqsədilə aprelin 5-də Ankaraya iki günlük səfər edəcək.

Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində Xarici işlər nazirləri səviyyəsindəki görüşün bu il keçirilməsi nəzərdə tutulub.