ABŞ Ukrayna Silahlı qüvvələrinə yardımın dayandırılması haqqında məsələyə baxa bilər. UNİAN agentliyi xəbər verir ki, bu haqda ABŞ müdafiə nazirinin köməkçisinin müavini Maykl Karpenterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşün nəticəsi haqqında məlumat verən Ali Radanın üzvü Dmitri Tımçuk "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, əgər Ukraynanın baş qərargahı silahlı qüvvələrdə islahatlara başlamasa, ABŞ Ukrayna ordusuna yardımı dayandıracaq.
"Əgər Ukrayna ordusu inadla öz-özünə kömək etməyi istəmirsə, o halda ABŞ Amerika vergi ödəyicilərinin hesabına Ukrayna ordusuna kömək etməyəcək. Vaşinqton köməyi yalnız konkret və real islahatçı layihələrə edəcək. Əgər NATO-nun Varşava samitinə qədər, yəni bu ilin iyuluna qədər vəziyyət dəyişməsə, ABŞ Ukrayna Silahlı qüvvələrinə köməyin dayandırılması haqqında məsələyə baxacaq", - o, bildirib. Onun sözlərinə görə, amerikalılar qeyd edirlər ki, Milli Qvardiyada yaxşı islahatlar aparılıb və eyni vəziyyəti orduda da görmək istəyirlər.
Qeyd edək ki, aprelin 11-də "USA Today" nəşri ABŞ hakimiyyətinin Rusiyanın narazılığına səbəb olmamaq üçün Ukrayna hərbçilərinin hərbi hazırlığını azaltdığını yazıb. Məlumata görə, Kiyev daha əvvəl Ukrayna Silahlı qüvvələri üçün snayperlərin təliminə başlamaq xahişi ilə çıxış edib. Ancaq Amerika rəhbərliyi mənfi cavab verib. Nəşrin məlumatına görə, Vaşinqton Donbasda vəziyyətin nizama salınması üzrə yardım çərçivəsində Ukrayna hərbçilərinə müdafiə taktikalarını öyrətməyi planlaşdırır, amma ölkəyə hücum silahlarını çatdırmağa hazırlaşmır. "Bizim hədəfimiz ondan ibarətdir ki, ukraynalılara öz ərazisini daha effektiv müdafiə etməyə kömək edək. Ancaq bu halda münaqişə kəskinləşməməlidir", - Maykl Karpenter vəziyyəti şərh edib.
Nəşr qeyd edir ki, Vaşinqtonun qərarı respublikaçılarda mənfi reaksiya doğurub. Respublikaçılar Ağ Evin Moskva ilə bağlı siyasətini çox ehtiyatlı hesab edirlər.
Qeyd edək ki, parlamentin yeni koalisiyasına "Pyotr Poroşenkonun Bloku" və "Xalq Cəbhəsi" fraksiyaları, həmçinin bitərəf deputatlar daxildir. Umumilikdə, koalisiyaya 240 deputat daxildir. Parlament əksəriyyəti üçün isə 226 deputatın səsi kifayət edir.
Xatırladaq ki, Arseniy Yasenyuk aprelin 10-da baş nazir vəzifəsindən istefa verib.