Rusiya Müdafiə Nazirliyi Pentaqonun Rusiya aviasiyasının bombardmanı nəticəsində İŞİD-in 2 saylı adamı Əbu Məhəmməd al-Adnaninin ölməsi ilə bağlı məlumatları zarafat adlandırmasına münasibət bildirib.
Rusiya Müdafiə Nazirliyinin xüsusi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib ki, Rusiya Hərbi Kosmik Qüvvələri ABŞ-ın rəhbərliyi altında "anti-İŞİD koalisiyası" deyilən 60 ölkədən fərqli olaraq, ayrı-ayrı şəxslərin mənasız və bahalı ovu ilə məşğul olmadan Suriyada bütün terrorçuları məhv etməklə məşğuldur: "Üstəlik, çox tez-tez terrorçuların başçıları əvəzinə, ABŞ pilotsuz təyyarəsinin zərbələri altında sadə əfqanlar, pakistanlılar, suriyalılar, irqalılar və digər ölkələrin xalqları qalır. Bir daha qeyd etmək istəyirəm ki, Rusiya Hava Kosmik Qüvvələrinin avqustun 30-da endirdiyi zərbələrin əsas hədəfi və nəticəsi Əbu Məhəmməd al-Adnani olmayıb, həmin rayonda qərarlaşan İŞİD-ın 40 silahlısından ibarət qrup olub. Pentaqonda Rusiya aviasiyasının 30 avqust tarixindəki zərbələri barədə hansısa faktiki məlumatın olmaması təəccüblü deyil. Artıq bir ildir ki, ABŞ nümayəndələri hər gün Suriyada keçirilən hərbi əməliyyatların Rusiya ilə heç bir halda koordinasiya edilmədiyini və razılaşdırılmadığını bəyan edirlər. Cənablar, bəs o zaman bu məlumatlar sizdə haradandır?.."
Qeyd edək ki, Pentaqondakı mənbə "Reuters"ə açıqlamasında Rusiya aviasiyasının zərbələri nəticəsində terrorçu Adnaninin məhv edilməsi barədə məlumatları "zarafat" adlandırıb.