Gürcüstanda Gəncə qapılarının bir hissəsinin saxlanıldığı məbəd kompleksi turistlər üçün bağlanıb Dünya

Gürcüstanda Gəncə qapılarının bir hissəsinin saxlanıldığı məbəd kompleksi turistlər üçün bağlanıb

Gürcüstanın məşhur Gelati məbəd kompleksi iyulun 2-dən turistlər üçün bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığı məlumat yayıb.

Bildirilir ki, məbədin bağlanmasına səbəb orada aparılan təmir–bərpa işləri ilə əlaqədardır.

Məbədin ziyarəti ilə bağlı məhdudiyyətlər avqustun 15-dək davam edəcək.

Qeyd edək ki, Gürcüstanın Kutaisi şəhəri yaxınlığında yerləşən Gelati monastır kompleksi 1994-cü ildən UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

Məbəddə təmir-bərpa işlərinə 2008-ci ildə başlanılmışdı. Lakin Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra bərpa işləri dayandırılıb və 2014-cü ildən yenidən davam etdirilib. Həmin ildən də bərpa prosesində daim fasilələr yaranıb.

Orta əsrlərə aid Gelati məbədində bir sıra tarixi abidələr, o cümlədən məşhur Gəncə qapılarının bir hissəsi saxlanılır.

Məbədin ərazisində Gelati Akademiyası, eyni zamanda, gürcü çarı David Aqmaşenebelinin məzarı yerləşir. Kompleks unikal freskaları, eləcə də Qafqazın ən zəngin Bizans üslublu mozaikaları ilə tanınır. 2023-cü ilin əvvəlində məbəddə yanğın baş vermiş, nəticədə abidənin bir neçə hissəsinə ciddi ziyan dəymişdi.

Hazırda məbəddə təmir-bərpa işləri alman mütəxəssislər tərəfindən aparılır.