Kuba dərinləşən böhran fonunda yeni “müharibə dövrü iqtisadiyyatı” tədbirlərini elan edir Dünya

Kuba dərinləşən böhran fonunda yeni “müharibə dövrü iqtisadiyyatı” tədbirlərini elan edir

Kuba hökuməti qiymətlərə nəzarəti gücləndirəcəyini və ölkə iqtisadiyyatını məhv edən, getdikcə genişlənən büdcə kəsirinin və inflyasiyanın qarşısını almaq üçün vergidən yayınma hallarına qarşı mübarizəni cidd-cəhdlə davam etdirəcəyini bildirib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu ölkənin ali icra hakimiyyəti orqanı olan Nazirlər Şurasının iclasının dövlət mediasında dərc edilən xülasəsinə əsasən, həmin tədbirlər 2024-cü ilin büdcəsini və hədəflərini hökumətin “müharibə dövrünün iqtisadiyyatı” adlandırdığı rejimə uyğunlaşdıracaq.

Kuba iqtisadiyyatı bir sıra amillər, o cümlədən COVID-19 pandemiyası, ABŞ sanksiyalarının sərtləşdirilməsi və bürokratiya, yanlış idarəetmə və korrupsiya ilə üzləşən hökumətin biznes idarəçiliyi modeli nəticəsində ağır böhran keçirir.

Son iki ildə kubalıların rekord sayda miqrasiyasına səbəb olan sosial-iqtisadi reqressiya Fidel Kastronun 1959-cu il inqilabından sonra ən ciddi böhranlardan biri hesab olunur.

İqtisadiyyat və planlaşdırma nazirinin birinci müavini Mildrey Granadillonun sözlərinə görə, Kubanın sosialist hökuməti tərəfindən uzun müddət müzakirə edilən və müxtəlif formalarda həyata keçirilən tədbirlərin bir çoxu valyuta mübadiləsini gücləndirmək, ərzaq istehsalını artırmaq və dövlət müəssisələrində nizam-intizamı bərpa etmək məqsədi daşıyır.

Hökumət həm dövlət, həm də qeyri-dövlət sektorları da daxil olmaqla, bütün təsərrüfat subyektləri üçün vahid, hərtərəfli və bərabər qiymət siyasətini elan edəcəyini bildirib.

Kubanın sosialist hakimiyyəti Kastro inqilabının başlanğıcından bəri mövcud olan özəl şirkətlərə qoyulan qadağanı 2021-ci ildə ləğv edib, lakin Kommunist Partiyasının tərəfdarları dövlət və özəl sektorlar arasında qiymət fərqlərinin inflyasiyanın artmasına səbəb olduğunu iddia edirlər.