“Vaşinqtonla Dehli arasında mübahisə yaradan mövzular da var” Dünya

“Vaşinqtonla Dehli arasında mübahisə yaradan mövzular da var”

“Amerika Birləşmiş Ştatları ilə Hindistan bir-biri ilə strateji tərəfdaşlığa can atsalar və rəsmilər qarşılıqlı səfərlər reallaşdırsa da, Vaşinqtonla Dehli arasında mübahisə yaradan mövzular da var”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, bunlardan biri dini etiqadla bağlıdır. Birləşmiş Ştatlar administrasiyası Hindistan hakimiyyətini ölkədəki dini etiqad azadlığı ilə bağlı vəziyyətə görə sərt tənqid edib. ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentinin dünyada dini azadlıqlarla bağlı illik hesabatını təqdim edərkən Hindistan haqqında bunları deyib: “Hindistanda biz məzhəb əleyhinə qanunların, nifrət nitqinin, dini azlıqların nümayəndələrinin evlərinin və ibadət yerlərinin dağıdılmasının həyəcanverici artımını müşahidə edirik”. Dövlət Departamentinin beynəlxalq dini etiqad azadlığı üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rəşad Hüseyn isə Hindistan polisinin fəaliyyətini bu sözlərlə tənqid edib: “Hindistan polisi hücumçuları həbs etmək əvəzinə müxtəlif ittihamlarla xristian icmalarının nümayəndələrini saxlayırlar”.
Dehli Dövlət Departamentinin bu hesabatını kəskin tənqid edib, sənədin qərəzli olduğunu vurğulayıb. Bu haqda Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Ranşir Jaişval ayrıca açıqlama ilə çıxış edib. “Biz bu ittihamları” rədd edirik deyən sözçü ABŞ-ın özündə daha ciddi problemlərin olduğuna işarə vurub”.