Türkmənistan altı ayda 40,2 milyard kubmetr qaz hasil edib Dünya

Türkmənistan altı ayda 40,2 milyard kubmetr qaz hasil edib

Türkmənistanda 2024-cü ilin birinci yarısında təbii qaz hasilatının həcmi 40,2 milyard kubmetr təşkil edib.

AZƏRTAC Türkmənistan mediasına istinadla xəbər verir ki, bunu Nazirlər Kabinetinin geniş iclasında Dövlət Statistika Komitəsinin sədri Dövlətgəldi Amanməhəmmədov deyib.

Amanmühəmmədovun sözlərinə görə, həmin dövrdə 4,16 milyon ton neft hasil olunub. O, göstəricilərin dinamikasını dəqiqləşdirməsə də, qeyd edib ki, birinci yarımildə neft bitumunun istehsalı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz, mazut istehsalı isə 31,7 faiz artıb.

Son iki ildə Türkmənistanda təbii qaz hasilatının 80 milyard kubmetr civarında olduğu bildirilir.

Türkmənistan Asiyanın neft-qaz bazarında ən böyük oyunçudur. Onun 20 milyard tondan çox neft və 50 trilyon kubmetrdən çox təbii qaz ehtiyatı var. Türkmənistan təsdiqlənmiş təbii qaz ehtiyatlarına görə Rusiya, İran və Qətərdən sonra dünyada dördüncü yerdədir.