“Talibanın ən sıx tərəfdaşlıq etdiyi ölkə Çindir” Dünya

“Talibanın ən sıx tərəfdaşlıq etdiyi ölkə Çindir”

“Talibanın ən sıx tərəfdaşlıq etdiyi ölkə Çindir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Çin 2021-ci ilin avqustunda Taliban hərəkatını diplomatik şəkildə tanıyan ilk ölkə olub: “Pekinin Talibanla əlaqələrini dərinləşdirməsinin motivi var. Çini Əfqanıstanın faydalı qazıntıları cəlb edib. Çin Əfqanıstanda mədən və minerallarla bağlı layihələr həyata keçirməyə başlayıb. Çinin dövlət tərəfindən dəstəklənən “Metallurgical Group Corp” şirkəti Əfqanıstanın əyalətlərinin birində mis mədəni zavodunun təməlini qoyub. Ancaq Əfqanıstanda heç də hamı bu zavodun açılmasını dəstəkləmir. Əyalət sakinləri zavodun çirklənməyə səbəb olacağından ehtiyat edirlər. Çünki zavodun işləməsi üçün tələb olunacaq böyük miqdarda sudan bölgə sakinləri də istifadə edir. Buna baxmayaraq, Kabil zavodun işləməsindən gələcək gəlirlərini hesablayır. Kabil zavod tam gücüylə işləməsindən ildə 300 ilə 400 milyon dollar arasında gəlir götürməyi planlaşdırır. Bu zaman zavodun ətraf mühitə hansı zərər vuracağı diqqətə alınmır. Mütəxəssislərin fikrincə, yalnız bir ton misin emalı 200 ton tullantı əmələ gətirir. Oxşar hadisə Afrika qitəsində də baş verib. 2020-ci ildə Mərkəzi Afrika Respublikasında qızıl hasilatı ilə məşğul olan dörd Çin şirkəti yerli ictimaiyyət üçün qida və su mənbəyi olan Ouham çayının çirkləndirilməsində iştirak etdikləri aşkar edildikdən sonra həmin şirkətlər Afrika ölkəsini tərk etmək məcburiyyətində qalıb. Çayın suyunda civənin yüksək səviyyədə olduğu müəyyən edilib. Taliban hazırda ancaq gəlirlər barədə düşünsə də, gələcəkdə Əfqanıstanın yeraltı zənginliklərinin istifadəsinin ətraf mühitə zərərinin qarşısının alınması barədə də düşünmək məcburiyyətində qalacaq”.