"DXR"in ilk "müdafiə naziri" İqor Strelkov həbsdən azad edilərək Ukraynada müharibəyə göndərilir Dünya

"DXR"in ilk "müdafiə naziri" İqor Strelkov həbsdən azad edilərək Ukraynada müharibəyə göndərilir

Ukraynanın Donbas bölgəsində separatçıların liderlərindən biri, qondarma "Donetsk Xalq Respublikası"nın ilk müdafiə naziri İqor Strelkov (əsl adı İqor Qirkin-red.) həbsdən azad edilərək xüsusi hərbi əməliyyat zonasına göndərilir.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, "Strelkov cəza çəkdiyi koloniyanı tərk edərək Xüsusi Hərbi Əməliyyat zonasına yollanır".

Nəşrin məlumatına görə, Strelkovu müdafiə edən vəkillər müvafiq icazə alıblar. Onun həbs cəzası Xüsusi Hərbi Əməliyyat zonasında xidmətlə əvəz edilib.

Qeyd edək ki, İqor Strelkov təqaüddə olan Rusiya hərbçisi və Federal Təhlükəsizlik Xidmətinin zabitidir. 2014-cü ildə o, DXR-in ilk müdafiə naziri olub.

2022-ci ilin noyabrında Haaqa məhkəməsi Strelkovu 2014-cü ilin yayında Donetsk vilayətində Malayziyaya məxsus Boeing 777 təyyarəsinin vurulmasında günahkarlardan biri kimi tanıyıb. O, qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. Ukraynada xüsusi əməliyyat başlayandan sonra o, Rusiya Müdafiə Nazirliyinin və ölkə rəhbərliyinin fəaliyyətini mütəmadi olaraq tənqid edib. Strelkov 2023-cü iyulun 21-də saxlanılıb və ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 280-ci (“Ekstremist fəaliyyətə açıq çağırışlar”) maddəsi ilə cinayət işi açılıb.

Ukraynanın Donbas bölgəsində separatçıların liderlərindən biri olan İqor Strelkov (Qirkin) cəzasını ümumi rejimli koloniyada çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.