“Bloomberg”: İranın yeni ballistik raketlər göndərməsi Rusiya ilə NATO-nun toqquşma riskini artırır Dünya

“Bloomberg”: İranın yeni ballistik raketlər göndərməsi Rusiya ilə NATO-nun toqquşma riskini artırır

İranın Rusiyaya yeni ballistik raketlər göndərməsi NATO ilə Rusiya arasında toqquşma riskini artırır.

APA-nın məlumatına görə, bu barədə “Bloomberg“in analitik yazısında qeyd olunub.

Bildirilib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns bu addımı rəsmi Tehranın regionda vəziyyəti dramatik həddə çatdırmaq istəyi ilə əlaqələndirib. Müəllif Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) bir qədər əvvəl Rumıniya və Latviyanın hava sərhədlərini pozmasına da toxunub:

"Bu kimi addımlar Şimali Atlantika Alyansının Rusiya ilə birbaşa müharibəyə başlaya biləcəyini deməyə əsas verir. Ehtimal olunur ki, rəsmi Tehranın xüsusilə də indiki məqamda ballistik raketləri Rusiyaya göndərməsi Ukraynanın enerji infrastrukturunun tamamilə sıradan çıxarılmasına hesablanıb".

Rumıniya hökuməti ötən gecə Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların havaya qalxmasına aydınlıq gətirib. Bildirilib ki, buna səbəb Rusiyanın pilotsuz uçuş aparatlarının hava sərhədini pozması olub.

Nəşr Latviya prezidenti Edqars Rinkeviçsin NATO-nun bu kimi insidentlərə reaksiyasının zəruriliyi, eləcə də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın alyansın öz hava hücumundan müdafiə vasitələrindən istifadə etməklə Rusiyanın atdığı raketlərin vurulmalı olduğu barədə bəyanatlarını da şərh edib. Məqalədə yazılıb ki, alyans Rusiya ilə birbaşa müharibədən sırf nüvə təhlükəsinə görə çəkinir. Bununla belə müəllif qeyd edir ki, Rusiyanın PUA-ları NATO-nun hava sərhədlərini pozarsa, alyans buna sərt reaksiya verməlidir.

Eyni zamanda, yazı müəllifi alyansın Ukrayna səması üzərində müdafiə qalxanı yaradacağına şübhə ilə yanaşır. Buna isə səbəb odur ki, NATO-da hələ də Ukraynaya verilən silahların Rusiya ərazisində istifadəsinə dair fikir ayrılıqları var. Lakin Rusiyanın Ukraynanın şəhərlərini raket atəşinə tutması və NATO-nun məsuliyyət dairəsindəki ölkələrin səmasında PUA-ların görünməsi bu yöndəki müzakirələri Ukraynanın lehinə istiqamətləndirə bilər.