Ukrayna PUA-larının hücumuna məruz qalan Moskva yaxınlığındakı Ramenskoedən REPORTAJ Dünya

Ukrayna PUA-larının hücumuna məruz qalan Moskva yaxınlığındakı Ramenskoedən REPORTAJ

Moskva vilayətinin sakinləri panika içindədir...

Gecə Rusiya ərazisinə kütləvi dron hücumu olub. Rusiya Müdafiə Nazirliyi Ukraynada hərbi əməliyyatlar başlayandan Kiyevin Rusiya ərazisinə ən kütləvi PUA hücumu həyata keçirdiyini açıqlayıb. Rusiyanın Ukrayna ilə sərhəd Bryansk vilayəti, eləcə də Voronej, Lipetsk, Kaluqa və Moskva vilayətləri ümumilikdə 144 dron hücumuna məruz qalıb.

APA-nın Rusiyadakı xüsusi müxbiri Fərid Əkbərov dron hücumuna məruz qalan Moskva vilayətinin Ramenskoe rayonuna baş çəkib, dronun düşdüyü 20 mərtəbəli yaşayış binasının sakinləri ilə həmsöhbət olub.

Ramenskoe Moskvadan 30 km cənub-şərqdə yerləşən Moskva vilayətinin inzibati mərkəzlərindən biridir. Gecə Moskva vilayətinin Lyuberts və Kolomna şəhərləri ilə yanaşı, kütləvi dron hücumuna məruz qalanlardan biri də məhz Ramenskoedir. Belə ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Ramenskoedə yaşayış massivinə düşüb.



Biz hazırda Moskva vilayətinin Ramenskoe şəhərindəyik. Ukraynanın dronla hücum etdiyi ərazilərdən biri də məhz Ramenskoe rayonunun Sportivniy küçəsində yerləşən 20 mərtəbəli yaşayış evidir. Binanın 10 mərtəbəsi dron hücumundan böyük zərər görüb. Nəticədə binanın 43 yaşlı sakini həlak olub, üç nəfərin isə yaralandığı bildirilib. 40-dan çox sakin isə təxliyə edilib. Hazırda dronun düşdüyü bina mühasirəyə alınıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının, Rosqvardiyanın əməkdaşları keşik çəkir. Təcili yardım və yanğınsöndürən maşınlara da hadisə yerində rast gəlmək mümkündür.

Dron hücumu nəticəsində evləri zərər görən sakinlər APA-nın Moskva müxbirinə hadisənin təfərrüatlarını bölüşüblər.

Mənzili dron partlayışından yararsız vəziyyətə düşən bina sakininin bildirdiyinə görə, gecə saat ikidən sonra partlayış səsləri eşidilməyə başlayıb:

"Bizim binaya dron gecə saat dörd radələrində çırpıldı. Mən pəncərədən baxanda partlayış dalğasını gördüm. Yoldaşımı götürüb elə ev geyimində çölə qaçdıq. Partlayış nəticəsində şüşə qırıntıları bədənimin müxtəlif hissələrini kəsmişdi. Həyətdə hamı panika içində idi. Həlak olan qonşu arvad isə bizdən bir mərtəbə yuxarıda yaşayırdı".

"Partlayış dalğası çox güclü idi. Mən və yoldaşım yanıq xəsarətləri almışıq. Hamımız qorxu və stress içindəyik", - deyə evi yararsız vəziyyətə düşən qadın bildirib.

"Mən bir müddət partlayışın şokunda qaldım. Hava hücumundan müdafiə sistemləri də işləyirdi, onlar dronları vururdular. Binaya dron çırpılandan sonra insanlar küçəyə düşdülər. Hamı gizlənməyə çalışırdı. Sonra binada yanğın başladı", - deyə Ramenskoedə dron çırpılan binanın sakini vurğulayıb.

Hakimiyyət orqanları dron hücumundan zərərçəkən sakinlərə kompensasiya ödəniləcəyini, evlərin tam təmir olunacağını açıqlayıb. Rusiya Müdafiə Nazirliyi isə PUA hücumunun qarşısının alınması üçün tədbirləri gücləndirəcəyini bəyan edib.

Qeyd edək ki, dron hücumunun həyata keçirildiyi Ramenskoe rayonu Moskvanın Jukovskiy hava limanının yaxınlığında yerləşir. Bu rayonda və rayona yaxın ərazilərdə Rusiyanın aviasiya mərkəzlərinin yerləşdiyi bildirilir.

Ukrayna PUA-larının hücumuna məruz qalan Moskva yaxınlığındakı Ramenskoedən REPORTAJ Ukrayna PUA-larının hücumuna məruz qalan Moskva yaxınlığındakı Ramenskoedən REPORTAJ Ukrayna PUA-larının hücumuna məruz qalan Moskva yaxınlığındakı Ramenskoedən REPORTAJ Ukrayna PUA-larının hücumuna məruz qalan Moskva yaxınlığındakı Ramenskoedən REPORTAJ