“Vaşinqtonun göstərişi ilə Seul və Tokio hədəf oxlarını Azərbaycana qarşı tuşlayıb” Dünya

“Vaşinqtonun göstərişi ilə Seul və Tokio hədəf oxlarını Azərbaycana qarşı tuşlayıb”

“Ümumiyyətlə regional və beynəlxalq təhlükəsizliklə bağlı artan narahatlıqlar mövcuddur. Bu narahatlıqlar fonunda yeni dünya nizamının konturları daha da aydın görünməyə başlayıb”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O, bildirib ki, Çin-Azərbaycan-Rusiya üçlüsünü əsas götürməklə bu aktorların hər birinin də öz aralarında olan münasibət və əməkdaşlıqları fonunda da Ermənistanın bu aparıcı aktorlara əks olan cəbhələrə doğru meylini görürük: “Həmin cəbhə də regionda Azərbaycanın artan nüfuzu fonunda rəqiblərinin güclənəcəyini proqnozlaşdırdığından Ermənistanla əməkdaşlıqda maraqlıdır. Ermənistanın Seul və Tokyo ilə münasibətlərinin inkişafının cavabı məhz bu amildədir.
Orkestrın çubuğu isə ABŞ-ın əlindədir. Məhz Vaşinqtonun göstərişi ilə Seul və Tokio hədəf oxlarını Azərbaycana qarşı tuşlayıb. Beynəlxalq düzənə baxdığımız zaman da görürük ki, Cənubi Koreya da, Yaponiya da təhlükəsizlik baxımından bütövlükdə ABŞ-dan asılıdır. Bu ölkələr rəsmi Vaşinqtonun Asiya-Sakit Okean hövzəsində sadəcə müttəfiqi yox, həm də peyki qismində çıxış edirlər. Cənubi Koreya və Yaponiya hərbi avadanlıqların istehsalını ABŞ lisenziyasının verilməsi ilə reallaşdırır, həm də bu prosesdə ABŞ texnologiyasından istifadə olunur.
İstər sentyabrın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Seula səfəri, orada bir sıra görüşlər keçirməsi, istərsə də sentyabrın 8-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Cənubi Koreyaya işgüzar səfəri bunu sübut edir. Sübut olunan məsələ həm də odur ki, Ermənistan sürətlə silahlandırılır. Ermənistanın zirehli tanklarla təmin olunması bu işin bir parçası olduğu qədər, həm də xüsusi diqqət yetirilməli məsələdir...”.