Rusiyaya sanksiyalar dəlinir – Qərbin susmasının səbəbi… Dünya

Rusiyaya sanksiyalar dəlinir – Qərbin susmasının səbəbi…

Avropa qurumları Ermənistanın Rusiyaya qarşı tətbiq edilən sanksiyaları pozmasına ona görə imkan yaradır ki, həm Ermənistan iqtisadi baxımdan güclənsin, həm də Rusiya müharibəni davam etdirə bilsin.
Bu sözləri Axar.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, VI çağırış Milli Məclis deputatı Qüdrət Həsənquliyev Ermənistanın Rusiyaya tətbiq edilən sanksiyaları dəlməsinə Avropa İttifaqı və ABŞ-ın imkan yaratmasının səbəbləri haqda danışarkən deyib. Qüdrət Həsənquliyev bildirib ki, Rusiya-Ukrayna savaşında sonda ikinci güzəştə məcbur ediləcək, ancaq Qərb hələlik tərəflərin tam taqətdən salınmasına qədər müharibənin davam etməsində maraqlıdır.
Partiya sədri vurğulayıb ki, Qərb Ermənistanı özünün regionda forpostuna çevirmək istəyir: “ABŞ-ın dünyadakı ən böyük səfirliklərindən biri Ermənistandadır. İranı nəzarətdə saxlamaq və ya dağıtmaq üçün Qərbə regionda forpost lazımdır. Onlar Ermənistanı bunun üçün ən uyğun ölkə hesab edirlər. Çünki ermənilər qonşularına nifrət edir və hər an xəyanət etməyə, onlara qarşı qəsdlərdə iştiraka hazırdır. Ona görə Ermənistan həm də silahlandırılır və ona birbaşa və dolayısı ciddi iqtisadi dəstək verilir. İranın, Rusiyanın bəzi dairələrinin Ermənistanı müdafiə etməsində Qərbin, xüsusilə Fransanın hər iki ölkəyə gizli şəkildə ciddi təsiri var. İndi Ermənistanda hər kəsin fransız dilini öyrənməsinin vacibliyi qeyd olunur və bu istiqamətdə böyük iş aparılır. Çox təəssüf ki, Rusiyada və İranda bəzi türkə nifrət edən dairələr zaman-zaman düşünüblər ki, Ermənistanın işğalçılıq siyasətini dəstəkləsələr, həm Qərbin onlara münasibəti yumşaq olar, həm də türk dövlətlərinin yaxınlaşmasına mane olarlar. Amma anlamayıblar ki, onların həyati mənafeləri türk dövlətləri ilə dost olmağı tələb edir, əvəzində isə qoyunlarında ilan bəsləyiblər”.
O, Azərbaycan QHT-lərinə narahatlıqlarına və ABŞ və Aİ-nin müvafiq qurumlarına Ermənistanın sanksiyaları dəlməsinin nəticələri haqda müraciətlərinə görə təşəkkür edib: “Amma qeyd etdiyim səbəblərdən bu müraciətin heç bir nəticəsi olmayacaq”.
ƏHD Partiyasının sədri Azərbaycan dövlətinin da Qərbin bu siyasətini dəyişə biləcək imkanı olmadığını qeyd edib: “Biz sadəcə beynəlxalq ictimaiyyəti məlumatlandırmalı, bu siyasətin bölgəyə sülh və əmin-amanlıq gətirməyəcəyini, uzaqgörən siyasət olmadığını anlatmalıyıq. Onları inandırmalıyıq ki, Ermənistanın 30 illik işğalçılıq siyasətini dəstəkləməklə sonda heç nəyə nail olmadıqları kimi, bu dəfə də xəyal qırıqlığına uğrayacaqlar. Azərbaycan müttəfiqləri və türk dövlətləri ilə əməkdaşlığı genişləndirməli, güclü azad bazar iqtisadiyyatı və peşəkar ordu quruculuğu istiqamətində islahatlar həyata keçirməlidir”.