Pxenyanın son raket sınağı bölgədə narahatlığı artırıb Dünya

Pxenyanın son raket sınağı bölgədə narahatlığı artırıb

“Adi silahlarla yanaşı, nüvə enerjisi sahəsində də böyük hücum qabiliyyətinə sahib olmaq zəruridir”. Xalqcəbhəsi.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn yeni taktiki ballistik raketi sınaqdan keçirilməsindən sonra deyib: “Yalnız çəkindirici hərbi gücümüz olduqda düşmənləri strateji səhvlərindən döndərə bilərik. Bu, sülh və sabitliyi qorumaq üçün lazımdır”.
Cənubi Koreya Baş Qərargahının dünən verdiyi açıqlamada Şimali Koreyanın saat 06.50 radələrində ölkənin şimal-şərq istiqamətinə çoxlu qısa mənzilli ballistik raketlər atdığı bildirilib.
Yaponiya hökuməti sınağı təsdiqləsə də, raketlərin Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda, Şimali Koreyanın şərq sahilinə düşdüyü açıqlanıb. Keçən həftə 600 mm-lik reaktiv yaylım atəş sistemini sınaqdan keçirən və uranı zənginləşdirən obyektin fotoşəkillərini dərc edərək nüvə silahı hazırladığını dünyaya elan edən Pxenyanın son raket sınağı bölgədə təhlükəsizliklə bağlı narahatlığı artırıb.