ABŞ-ın Türkiyəyə F-35 satışına icazə verməsi üçün yeni şərt irəli sürdüyü iddia olunur Dünya

ABŞ-ın Türkiyəyə F-35 satışına icazə verməsi üçün yeni şərt irəli sürdüyü iddia olunur

ABŞ-ın Türkiyəyə F-35 qırıcılarının satışına maneənin aradan qaldırılması üçün yeni təklif irəli sürdüyü iddia olunub.

APA xəbər verir ki, Yunanıstan mətbuatında dərc olunan xəbərə görə, Vaşinqton Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərinin İncirlik bazasında ABŞ-ın nəzarətindəki sektora təhvil verilməsi müqabilində Türkiyəni yenidən F-35 proqramına daxil edəcəklərini bildirib.

Yunanıstanın “Kathimerini” qəzetində yer alan xəbərə hələlik nə Türkiyə, nə də ABŞ tərəfi rəsmi münasibət bildirməyib.

Qeyd edək ki, ABŞ və NATO Türkiyənin S-400 sistemlərini almasını və istifadəsini problemli hesab edir. Onlar iddia edirlər ki, S-400 hava hücumundan müdafiə sistemləri heç bir şəkildə NATO-nun mövcud müdafiə və radar sistemlərinə inteqrasiya oluna bilməz.

Məhz buna görə də ABŞ 2019-cu il iyulun 17-də Türkiyəni layihə ortağı olduğu yeni nəsil F-35 döyüş təyyarələrinin istehsal prosesindən kənarlaşdırdığını açıqlamışdı.