Nazir Narin Güran cinayətində yeni təfərrüatları açıqlayıb Dünya

Nazir Narin Güran cinayətində yeni təfərrüatları açıqlayıb

Narin Güran istintaqı ilə bağlı danışan Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “Qaranlıqda heç bir şey qalmayacaq, sübut var” deyib.
Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeniçağ gazetesi” məlumat yayıb.

Nazir Narinin qatillərinin qısa müddətdə tutulacağını bildirib. Bəzi görüntülərin TÜBİTAK tərəfindən incələndiyini vurğulayan Y.Tunç məlumatların ictimaiyyətə açıqlanmadığını qeyd edib: “Təbii ki, istintaq, əldə edilən məhkəmə tibbi ekspertizanın ortaya qoyduğu DNA örnəkləri gizlidir. Məxfilik çərçivəsində xüsusilə texniki məlumatlar ilə bağlı ictimaiyyətə əks olunmayan məsələlər var. Səs və görüntü yönündə əldə edilən materiallarla bağlı araşdırma aparılır. İstintaq mərhələsində 12 şübhəli saxlanılıb. 3 nəfərə məhkəmə nəzarəti barədə göstəriş verilib. İstintaq çərçivəsində 268 nəfərin ifadəsi alınıb. Bəzi kamera görüntüləri var. Onlar dünən incələnmək üçün TÜBİTAK-a göndərildi, araşdırılır”.
Bu istintaq çərçivəsində qatillərin mütləq müəyyən ediləcəyini bildirən nazir onların çox yaxında məhkəmə qarşısına çıxarılaraq hesab verəcəkləri bildirib.
Qeyd edək ki, avqustun 21-də Türkiyənin Diyarbakır vilayətinin Mərkəzi Bağlar rayonunun Tavşantepe məhəlləsində itən və sentyabrın 8-də rayondan 2 kilometr aralıda yerləşən Eğertutmaz dərəsində cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir.