“Zelenskinin qələbə qazanacağı ilə bağlı çıxışı blefdir” Dünya

“Zelenskinin qələbə qazanacağı ilə bağlı çıxışı blefdir”

“Zelenskinin Ukraynanın qələbə qazanacağı ilə bağlı əminliklə çıxış etməsi, sadəcə olaraq blefdir. Bütün bunlar hökumətin reytinqinin yüksəldilməsinə xidmət edir”. Bunu TodayPress-ə verdiyi açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib. Onun sözlərinə görə, hazırda hökumətin xalq arasındakı ictimai dayaqları kifayət qədər zəifləyib və hakimiyyətə etimad sarsılıb: “Ona görə də, indiki məqamda Zelenski administrasiyasının seçkilərdə qələbə qazanması mümkünsüzdür. Hazırda Ukrayna hakimiyyətinin önündə duran əsas məsələ həm ölkə daxilində, həm də xaricdə etimadın yenidən qazanılmasıdır”.

“Putin davamlı olaraq ölkəsinin "qırmızı xətt"lərinin keçiriləcəyi təqdirdə nüvə silahından istifadə edəcəyi ilə bağlı təhdidlər səsləndirirdi. Buna görə də Avropa İttifaqı (Aİ) ölkələri arasında Ukraynaya yardımla bağlı fikir ayrılıqları yaşanmağa başlamışdı. Nəticədə də Kiyevə yardım prosesi gecikirdi. ABŞ və Ukraynanın hakim elitası bunu aradan qaldırmaq üçün Kursk planını həyata keçirdi. Bununla da Qərb ölkələrinə sübut etməyə çalışdılar ki, Putinin müvafiq təhdidləri blefdir” deyə politoloq bildirib.

Analitikin fikrincə, istənilən halda Ukraynanın qələbə qazanması ilə bağlı həlledici planlarının olması ehtimalı olduqca azdır: “Çünki hazırda cəbhədə vəziyyət Ukraynanın lehinə getmir. Əksinə əhalinin böyük əksəriyyəti vətəni tərk edib, gənclər cəbhədə can verir, iqtisadiyyat çöküb, ərazi bütövlüyü isə pozulub. Politoloqun qənaətincə, belə olan halda ABŞ-nin Ukrayna ilə bağlı planları reallaşmış olur. Plan isə bəlli məsələdir ki, Rusiyanın zəiflədilməsi, Qərbin regionda hökm sürməsidir”.

Qeyd edək ki, Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının sədr müavini Viktor Mikita ərazi təşkilatlarının rəhbərləri ilə müşavirə keçirib. Bundan sonra mediada yayılan xəbərlərdə bildirilib ki, Volodimir Zelenskinin ofisində prezident seçkilərinə hazırlıqla bağlı müzakirələr başlayıb. Bir qədər əvvəl isə Zelenskinin ölkədə seçkini özünün qələbə planını açıqladıqdan sonra elan edəcəyi ilə bağlı ehtimallar yayılmışdı.