Qərb Ermənistanı “süni nəfəs aparatı”na qoşub Dünya

Qərb Ermənistanı “süni nəfəs aparatı”na qoşub

ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsini canlandırmaq üçün sistemli addımlar atır. Separatçı rejimin nümayəndələrinin ABŞ Konqresə dəvəti, ABŞ Konqresində “Dağlıq Qarabağın süqutu”na həsr olunan, həmçinin ABŞ və Fransanın aparıcı qurumların (hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyəsində) ləğv edilmiş “Dağlıq Qarabağ erməniləri”nə dəstək verən çoxsaylı təşəbbüslərinə həsr olunan tədbirlər bir zəncirin halqalarıdır. Digər tərəfdən isə konqresmen Şiff və bir sıra digər konqresmen tərəfindən 2024-cü il üçün “Artsax Gəlirlərinin Bərpası Aktının” 18 sentyabrda qəbul edilməsinə dair təklif gündəmə gətirilib. Qərb Ermənistanı “süni nəfəs aparatı”na qoşub. Bir tərəfdən də Ermənistanın ABŞ və Fransa tərəfindən silahlanır, Anti-Rusiya sanksiyalarından yan keçmək və müvafiq olaraq Ermənistana böyük gəlirlər əldə etmək üçün imkan yaradılılır, ABŞ və Fransadan Ermənistana irimiqyaslı iqtisadi yardımlar edilir.

Təbii ki, bu məqsədyönlü siyasətdir, onun məqsədi Qarabağ problemini yenidən “canlandırmaq” və Ermənistanı Qarabağ uğrunda yeni müharibəyə hazırlamaqdır.

Bütün bunlar Ermənistanda yeni ümidlər yaradır, onun mövqeyini sərtləşdirir. Artıq Ermənistan daha çox “Dağlıq Qarabağ”dan danışmağa başlayıb, bu ölkənin Xarici İşlər Nazirliyi və baş nazir “etnik təmizləmə”dən danışır. Ermənistan ötən il antiterror əəliyyatı ilə nəticələnmiş köhnə səhvlərini yenə təkrarlamağa başlayır.

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə danışan politoloq Azər Qasımov deyib ki, Azərbaycanın beynəlxalq arenada tanınmış ərazilərində öz suverenliyini bərpa etməsindən və Qarabağda yuvalanmış qondarma rejimi kapitulyasiyaya məcbur edərək öz qərarları ilə varlığına son qoydurmasından sonra ABŞ Konqresi və Fransanın Qarabağ münaqişəsini canlandırmaq üçün sistemli addımlar atacağı şübhə doğurmurdu.

O, qeyd edib ki, ABŞ Konqresində erməni izləri həmişə olub, indi də mövcuddur. Erməni lobbisinin vəsaiti və dəstəyi ilə konqresmen olanların separatçı rejimin nümayəndələrinin ABŞ Konqresinə dəvət edilməsi, eyni zamanda, ABŞ və Fransanın aparıcı qurumlarln (hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyəsində) ləğv edilmiş "Dağlıq Qarabağ erməniləri" nə dəstək verən çoxsaylı təşəbbüslərinə həsr olunmuş tədbirlər keçirməsi bir zəncirin halqaları olmaqla yanaşı, eyni zamanda onların sahiblərinə olan vəfa borcudur: "Belələrindən olan konqresmen Şiff və bir sıra digər konqresmen tərəfindən 2024-cü il üçün "Artsax Gəlirlərinin Bərpası Aktının" 18 sentyabrda qəbul edilməsinə dair təklif irəli sürməsi ölmüş "Artsaxın" dirildilməsi üçün cəhd edilməsidir. Əslində ABŞ dövlətinin siyasi xətti kimi məhz Azərbaycana lazım gəldikdə hansısa təzyiqlər etmək üçün bir qanadının, bu durumda konqresin daim bu məsələləri gündəmdə tutacağı məlum məsələdir. Bu, eyni ilə Türkiyəyə təzyiq üçün "erməni soyqırımı" məsələsini gündəmdə saxlamaq məsələsi ilə eynilik təşkil edir. Azərbaycan bundan sonra bu faktla yaşamağı gözə almalıdır. Hər zaman ABŞ-dan birilərinin çıxıb "Qarabağ erməniləri", "Artsax" deyə bəyanat verəcəyini gözləməlidir. Amma Azərbaycan üçün bunun heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz ərazi suverenliyini elə ABŞ-dan gələn belə səslər fonunda bərpa edib. Ermənistan bundan sonra Azərbaycanla sülh şəraitində yaşamaq istəyirsə, özü ABŞ-dan gələn belə səsləri kəsməlidir. Əks halda bunun cəzasını Ermənistan çəkməli olacaq".

Politoloq Elşən Manafov isə deyib ki, ABŞ və Fransa hökumətlərinin Qarabag ətrafında son vaxtlar muşahidə edilən çalışmaları Qərbin Cənubi Qafqazda geosiyasi konfiqurasiyanı dəyişdirmək istəkləri ilə baglıdır. O, qeyd edib ki, 44 günlük müharibə və onun nəticələri regionda baş vermış geosiyasi dəyişiklərin əsas səbəbi olub: "Münaqişənin tənzimlənməsi istiqamətində Rusiyanın moderator olaraq atdığı addımlar Qərbdə bəlli dairələrdə ciddi qıcıq yaradır, onları narahat edir, zira bu proseslərdə Rusiyanın yer alması onun regional təhlükəsizlik problemlərinin həllinə təsir imkanlarının göstəricisi kimi qəbul olunur.

Qərbin Cənubi Qafqazla baglı geosiyasi maraqları Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasını ehtiva edir.

Bu konteksdə Qərbə mane olan yeganə bölgə iqtidarı Azərbaycandır, zira rəsmi Bakı Qərbin istək və təkliflərinə baxmayaraq Rusiyaya qarşı geosiyasi məzmunlu olayların tərkibində yer almır, regionun təhlükəsizlik problemlərinin həllinə Qafqaz evi ideyasının dəyərləri konteksindən yanaşır. Bu isə Qərbi məmnun etmir və onu rəsmi Bakıya münasibətdə təhdid rolunda çıxış etməyə təhrik edir".

E.Manafov onu da vurğulayıb ki, ABŞ Konqresində Daglıq Qarabag ərtafında başlanmış müzakirələr məhz bu planların tərkib hissədir: "Əvvəla, bu müzakirələr rəsmi Bakıya geosiyasət, xüsusilə dəhlizlərlə bağlı məsələlərdə təhdid vasitəsidir. Azərbaycan tərəfi ilə kompromisə gəlmək uçun düşünülmüş oyunun tərkib hissəsidir. Digər tərəfdən təbii ki, müzakirələr ABŞ-dakı erməni diasporasının ciddi lobbiçilik səyləri nəticəsində baş tutub. Fransada isə Makronun təsdiq etdiyi yeni hökumətin tərkibində 2 erməni əsilli nazir var. Tərəflərin bəlli problem ətrafında sərgilədikləri digər bir məsələ, hər ikisinin Paşinyan iqtidarına olan siyasi və maliyyə dəstəyi ilə baglıdır. Qarabağın seperatçı liderləri, erməni muxalifətinin bəlli kəsimi, erməni kilsəsi və s. baş verənlərə görə Paşinyanı günahlandırır, ona təzyiq edirlər. Belə şəraitdə diqqəti Paşinyandan yayındırmaq, ona olan təzyiqlərin yüksələn xətlə artmasının qarşısını almaq üçün Qərbdəki bəlli dairələr Qarabagda yaşanan hadisələrə bilərəkdən insan haqları rakursundan yanaşaraq günahkar tərəfin rəsmi Bakı olduğunu qabardır. Paşinyanın sudan quru çıxmasına nail olmaq üçün dəridən, qabıqdan çıxırlar".

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması Ermənistana çağırış edən bəyanat yayıb. Bəyanatda deyilir ki, biz Ermənistan hökumətindən və məlum revanşist dairələrdəntəhlükəli yoldan əl çəkməyi tələb edirik. Bildirilib ki, bəzi xarici qüvvələrin təhriki ilə Ermənistandakı revanşist qüvvələr və erməni diasporu “Dağlıq Qarabağ məsələsi”nin guya həll edilmədiyinə, hələ də açıq qaldığına dair kampaniyalarını intensivləşdiriblər. Bəyanatda bu yanaşmanın, eləcə də Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünə təhdid törədən həmin elementlərə qarşı hərəkətsizliyi, sürətlə silahlanması, konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaqdan imtina etməsinin ciddi narahatlıq doğurduğu bildirilib. "Bu baxımdan, qətiyyətlə xatırlatmaq istəyirik ki, “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini birdəfəlik bərpa edib və bu, əbədidir və dönməzdir. Əslində, həll olunmamış məsələ, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri qayıtmalarıdır. Hələ açıq qalan məsələ məhz Qərbi Azərbaycana qayıdış məsələsidir. Qərbi Azərbaycan İcması bu yolda öz səylərini ardıcıl şəkildə davam etdirəcək", - bəyanatda qeyd edilib.

Cavid