Kapitulyasiyaya bərabər sülh planı: Prezident dərhal rədd etdi Dünya

Kapitulyasiyaya bərabər sülh planı: Prezident dərhal rədd etdi

Braziliya sentyabrın 27-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək görüşdə Qlobal Cənub ölkələrinin nümayəndələrindən Braziliya-Çin planı üzrə sülhə nail olmaq üçün Ukraynanın Rusiya ilə danışıqlara dəstək verməsini istəyəcək.

Braziliya Prezidenti Lula da Silva BMT Baş Assambleyasının açılış sessiyasında Braziliya-Çin sülh planını təqdim edib.

“Braziliyanın xarici siyasət müşaviri Celsu Amorim ayın 27-də Nyu-Yorkda keçiriləcək toplantıda Qlobal Cənubun 20 ölkəsinin nümayəndələrindən plana dəstək istəyəcək”, - braziliyalı diplomatlar “Röyter”ə deyiblər.

Tədbirdə Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Cənubi Afrika, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir və Kolumbiyanın nümayəndələri də iştirak edəcəklər.

Mayda Amorim Çinə səfər etdikdən sonra açıqlanan Çin-Braziliya sülh planı belədir: ölkələr Kiyev və Moskva arasında birbaşa dialoqun bərpasına, gərginliyin azaldılmasına çağırır, amma Rusiyanın Ukrayna ərazilərindən geri çəkilməsini tələb etmir.

Ukrayna Braziliya və Çinin sülh planını rədd edib. Kiyev buna Ukrayna ərazilərinin işğalının rəsmiləşdirilməsi cəhdi kimi baxır. Prezident Vladimir Zelenski bildirib ki, vəziyyəti sabitləşdirmək üçün yeganə səmərəli format Ukraynanın təşəbbüsü ilə keçirilən sülh sammitidir.

İkinci sülh sammiti bu ilin sonuna qədər keçirilə bilər. Ukrayna lideri söyləyib ki, bu tədbir Rusiya ilə müharibəyə son qoymalıdır.

Avropa Birliyinin (AB) xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel deyib ki,Ukraynada uğursuzluğa düçar olsaq, hər yerdə uğursuzluğa düçar olacağıq.

Onun sözlərinə görə, indiki şərtlər altında müharibənin dayandırılması Qərbə baha başa gələcək.

“Bəziləri deyirlər ki, müharibəni dayandırın, çünki bu, bizə çox baha başa gəlir. Bəli, bizim dəstəyimiz olmasaydı, Ukrayna təslim olardı. Belə bir tələb var? Bizim vəziyyətimizdə yox. Ukraynanın təslim olub ikinci Belarusa çevrilməsini istəmirik. Bu, hamıya aydın olmalıdır”, - Borrel vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə Türkiyənin Ukrayna-Rusiya müharibəsinin dialoq yolu ilə, Ukraynanın ərazi bütövlüyü və suverenliyini qorumaqla başa çata biləcəyinə hər zaman inandığını və Ankaranın bu məqsədə çatmaq üçün səylərini davam etdirdiyini bildirib.

Türkiyə prezidenti Zelenskiyə “Taxıl sazişi”ni bərpa etmək üçün səy göstərəcəyini vəd edib.

Politoloq Elxan Şahinoğlu bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Amerika Birləşmiş Ştatlarına səfərinin və burada keçirdiyi görüşlərinin bir neçə hədəfi var.

"Zelenski ilk olaraq, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında çıxışıyla beynəlxalq aləmə Kiyevin müharibənin dayandırılmasının yollarını izah edəcək. Zelenski bəyan etdiyi “Sülh planı”nın detallarını açıqlamasa da, söhbətin Rusiyanın işğalına son qoyulmasından gedir. Bu isə müharibənin davamı deməkdir. Zelenskinin ABŞ-a səfəri davam edərkən, Rusiya ordusu Ukraynanın şərqində işğalı genişləndirməyə çalışır. Buna baxmayaraq, Ukrayna Prezidenti optimistdir. Misal üçün Volodimir Zelenski ABC televiziya kanalına müsahibəsində “müharibənin sonu çoxlarının düşündüyündən daha yaxındır" ifadəsini işlədib. Yəni Zelenski ölkəsinin ərazi bütövlüyünü təmin edəcəyinə əminlik ifadə edib. Ancaq bunun üçün Qərb ölkələri Ukraynaya maliyyə və hərbi yardımı davam etdirməlidirlər. Digər yandan Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenlə görüşdə Ağ Ev sahibini inandırmağa çalışacaq ki, Vaşinqton Ukrayna ordusunun Amerika raketləri ilə Rusiyanın içərilərinə doğru zərbə endirməsinə icazə versin. Prinsip etibarilə Bayden administrasiyası müsbət qərar verməyə yaxındır. Avropa ölkələrindən Böyük Britaniya və Niderland Ukraynaya təqdim etdikləri silahlardan Rusiyanın içərilərinə doğru zərbələr endirməsinə icazə veriblər. O prezidentliyə namizədlər – Kamala Haris və Donald Trampla görüşəcək. Zelenskinin bu görüşlərdə əsas məqsədi bu iki namizəddən hər hansı birinin qələbə çalacağı halda Ağ Evin yeni sahibinin Ukraynaya hərbi yardımı dayandırmamasıdır. Kamala Harrsilə bağlı ciddi problem olmamalıdır. O Baydenin xarici və təhlükəsizlik siyasətini davam etdirəcək. Əsas təhlükə Donald Trampla bağlıdır. O Ağ Evə sahib olacağı təqdirdə Ukraynaya maliyyə və hərbi dəstəyin dayandırlacağını vəd edib. Zelenski Trampı bu yanlış addımdan çəkindirməyə çalışacaq. Əlbəttə, Tramp Zelenskini dinləyəcək, ancaq onun mövqeyini dəyişəcəyini söyləmək çətindir. Bir müddət əvvəlki açıqlamasında Zelenskini “dilənçi” adlandıran Tramp ölkəsinin Avropadakı müharibəyə pul xərcləməyin əleyhinədir",-o deyib.

Politoloq Zelenskinin ilk dəfə Hindistan Baş naziri ilə görüşündən də danışıb: "Volodimir Zelenski ABŞ-da ikən başqa ikitərəfli görüşlər də keçirib. Zelenski Hindistanın baş naziri Narendra Modi ilə bir ay ərzində ikinci dəfə görüşüb. Modi də Zelenski kimi BMT Baş Assambleyasının sessiyasında iştirak edir. Modi Zelenski ilə görüşdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsi prinsiplərinin qorunmasında gələcək əməkdaşlığa hazır olduğunu bir daha bəyan edib. Zelenski və Modi bununla bağlı daha sıx ikitərəfli dialoqun aparılmasının məqsədəuyğunluğu barədə razılığa gəliblər. Modi Hindistanın sülhün tez bir zamanda qaytarılmasına kömək etmək üçün bütün mümkün yollarla töhfə verməyə hazır olduğunu bir daha bəyan edib. Ukrayna ilə bağlı ikinci Sülh sammtinin Hindistanda keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Zelenski İkinci sammitə Rusiyanın dəvət edilməsini mümkünlüyünü vurğulasa da, Kreml bu sammitdə iştirak etməyəcəyini bəri başdan bəyan edib".