“ABŞ hələ də bölgədə ikili oyun oynayır” Dünya

“ABŞ hələ də bölgədə ikili oyun oynayır”

“Hazırda Qafqazda baş verən siyasi proseslərdə Qərbin sərgilədiyi mövqe bizlərə yad deyil. Bu cür münasibəti biz düz 30 il ərzində görmüşük. ABŞ və Fransa kimi imperialist dövlətlərin məkirli və ikiüzlü siyasətinin əsas məqsədi Azərbaycanın bölgədə siyasi və hərbi gücünün artmasına qarşı yönəlib”. Bu sözləri xalqcebhəsi.az-a açıqlamasında politoloq Amid Əliyev deyib. O, əlavə edib ki, keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ABŞ və Fransa ikinci Qarabağ müharibəsində müşahidəçi statusunda qalmalarını hələ də Azərbaycana bağışlaya bilmirlər: “Son günlər bu iki Qərb ölkəsi tərəfindən Ermənistana hərtərəfli siyasi, iqtisadi və sosial dəstəyin verildiyini görürük. ABŞ-nin artıq postulat halına gəlmiş ənənəvi siyasəti ondan ibarətdir ki, həm Azərbaycanı, həm də Ermənistanı hər vəchlə əlində saxlaya bilsin. Mütəmadi telefon zənglərinin olması, Azərbaycanın xeyrinə kiçik bəyanatların verilməsi və bunlara rəğmən Ermənistana silahlı və maddi yardımın göstərilməsi, Ermənistanı demokratik dövlət adlandırması və nəhayət keçmiş Dağlıq Qarabağdan öz xoşu ilə çıxmış ermənilərə ürək yandırmaları onu deməyə əsas verir ki, ABŞ hələ də bölgədə ikili oyun oynayır”.