“Şimalda atəşkəs olmayacaq” Dünya

“Şimalda atəşkəs olmayacaq”

İsrail Livana hücumlarını davam etdirərkən ABŞ və Fransanın başçılıq etdiyi 11 ölkədən 21 günlük atəşkəs çağırışı gəlib. Livan bu çağırışı alqışlasa da, təklifi rədd edən Netanyahu hökuməti “Atəşkəs olmayacaq” cavabını verib. Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “Posta gazetesi” məlumat yayıb.
Xəbərdə qeyd edilir ki, oktyabrın 7-dən etibarən Qəzzada davam etdirdiyi hücumlarda 42 minə yaxın fələstinlini qətlə yetirən İsrail, 18 və 19 sentyabr tarixlərində peycer və əl radiolarını partladaraq həyata keçirdiyi hücumlarla müharibəni şimal qonşusu Livana daşımışdı. Hizbullah üzvlərini hədəf aldığını iddia edən Netanyahu hökuməti Livana həyata keçirdiyi hava hücumlarında bir neçə gün içərisində aralarında qadın və uşaqların da olduğu təxminən 700 insanı qətlə yetirib. ABŞ və Fransanın başçılıq etdiyi 11 ölkə birgə bəyanatda İsrail və Livan arasında atəşkəsə çağırış edib.
Bəyanatda “Biz diplomatiyaya yer ayırmaq üçün Livan-İsrail sərhədində dərhal 21 günlük atəşkəsə çağırırıq” deyilib. Livan Baş naziri Nəcib Miqati, bu çağırışı məmuniyyətlə qarşılayıb. Ancaq Netanyahu hökumətindən mənfi cavab gəlib. İsrail xarici işlər naziri İsrael Katz “Şimalda atəşkəs olmayacaq” deyib. İsrail hərbi birləşmələrinə müraciət edən İsrail Baş Qərargah rəisi Herzi Halevi də “Manevr prosesini hazırlayırıq, sizin hərbi qayıqlarınız düşmən ərazisinə daxil olacaq”,-deyə bildirib.