Türkevi diplomatiyanın mərkəzində Dünya

Türkevi diplomatiyanın mərkəzində

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın ABŞ-yə səfərləri zamanı Nyu Yorkdakı Türkevi yenidən diplomatiyanın mərkəzinə çevrilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah gazetesi” xəbər paylaşıb.
Məlumatda bildirilir ki, Türkiyə Prezidenti ABŞ-yə səfəri zamanı Almaniya, İtaliya, Yunanıstan, Livan, Pakistan, İraq, Ermənistan, Albaniya baş nazirləri, Ukrayna, Serbiya, İran, Qvineya-Bisau prezidenti, Sudanın Suverenlik Şurasının sədri və Küveytin Vəliəhdi ilə görüşüb. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi və Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru da Ərdoğan tərəfindən qəbul edilənlər sırasında idi. Danışıqların əsas gündəmi Qəzza olub. Ərdoğan həmsöhbətlərinə İsrailin qırğınlarını dayandırmaq üçün nələr edilməsi lazım olduğunu söyləyib. O, ABŞ-ı tərk etmək üçün Türkevidən çıxarkən axısqa türkləri tərəfindən yola salınıb.
Bildirək ki, Türkiyənin BMT yanında Daimi nümayəndəliyinin və Nyu York Baş Konsulluğunun yerləşdiyi Türkevi binası 20 sentyabr 2021-ci ildə istifadəyə verildikdən sonra Nyu Yorkdakı fəaliyyəti və ev sahibliyi etdiyi tədbirlərlə diqqət çəkib.
Qeyd edək ki, müxtəlif ölkələrdən 5 minə yaxın mətbuat mənsubunun izlədiyi BMT Baş Assambleyasında təxminən 40 dəqiqəlik çıxışının böyük bir hissəsini işğalçı İsrailin Fələstin torpaqlarında törətdiyi qırğınlara həsr edən Prezident Ərdoğanın "Netanyahu Hitler kimi dayandırılmalıdır" sözləri 77 ölkədə xəbər manşetlərinə çıxarılıb.