Qayığı oğurlayıb 20 immiqrantı qaçırdılar Dünya

Qayığı oğurlayıb 20 immiqrantı qaçırdılar

Türkiyənin Muğla əyalətindəki miqrant qaçaqmalçıları səhər oğurladıqları qayıqla axşam saatlarında 20 miqrantı Rodosa aparıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “Sözcü gazetesi” məlumat paylaşıb.

Məlumatda qeyd edilir ki, Muğlanın Fəthiyə bölgəsinə bağlı Göcək məhəlləsindəki Göcək adasında lövbər salan 11 metr uzunluğunda və 1200 at gücündə mühərrikə malik sürətli qayıq dünən səhər saatlarında oğurlanıb. Qayığın sahibi kapitan Faruk, Fəthiyə Sahil Mühafizə Komandanlığına gedərək qayığın oğurlanması ilə bağlı açıqlama verib və bölgədəki yerli mətbuat vasitəsilə qayığın oğurlandığını bildirərək görənlərdən məlumat verməsini istəyib.

Miqrant qaçaqmalçılar ötən gecə 20 miqrantı Fəthiyədən oğurladıqları 1200 at gücündə sürətli qayığa mindirərək Rodos adasına aparıblar. Onlar Rodos adasının Kattavia sahilinə çıxardıqları miqrantları buraxarkən sahil mühafizəsinin keçirdiyi əməliyyatdan sonra sürətli qayıqlarını sahildə qoyaraq yoxa çıxıblar.