Qərb Gürcüstanda hakimiyyəti dəyişməyə çalışır Dünya

Qərb Gürcüstanda hakimiyyəti dəyişməyə çalışır

Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi qəbul olunduqdan sonra Qərb rəsmi Tbilisiyə “səlib yürüşü” elan edib. Gürcüstanla bütün sahələrdə əlaqələrin kəsiləcəyi, hətta sanksiyalarla hədələr davam etməkdədir. Son 20 ildə Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd olmaq üçün böyük səylər sərf edib. Avropa İttifaqı bu perspektivi ölkəyə tanısa da, bəzi məsələlərdə rəsmi Tbilisiyə etiraz edir və necə deyərlər, onu özünə ram etmək fikri ilə hədə dilində danışır. Qərb oktyabrın 26-da Gürcüstan Parlamentinə keçiriləcək seçkilərə də müdaxilə etmək fikri ilə müxtəlif planlar üzərində baş sındırır.

Gürcüstan rəsmiləri isə Qərbin hədə-qorxularından bir addım da geri çəkilmək fikrində olmadıqlarını bəyanlayıblar. Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstana qarşı sanksiyalar səmərəsizdir, ona görə də düşünürəm ki, gələcəkdə daha praqmatik qərarlar veriləcək.

O, sanksiya tətbiq edilən iki yüksək vəzifəli polis zabitinin 2008-ci ildə Rusiyaya qarşı müharibədə iştirak etdiyini qeyd edib. “Sanksiyalar səmərəsizdir, 2008-ci il müharibəsində iştirak edən iki yüksək vəzifəli polis zabiti də sanksiyalara məruz qalıb. Bu cür qərar verənlər belə səhvlərə yol verməməlidirlər. Hamı görür ki, sanksiyalar səmərəsizdir, ona görə də düşünürəm ki, gələcəkdə daha praqmatik qərarlar veriləcək”, - deyə Kobaxidze bildirib.

Gürcüstan parlamentinin üzvü Zaur Darğallı isə deyib ki, Gürcüstanın inkişafını istəməyən qüvvələr var, xüsusən də Qərbin agenturasına çevrilən radikal müxalifət ölkədə sabitliyi pozmağa çalışır.

O qeyd edib ki, bu gün Gürcüstan dövləti və xalqı çox önəmli və tarixi hadisənin astanasındadır: "Bir neçə gündən sonra ölkədə parlament seçkiləri keçiriləcək. Ona görə də demək olar ki, bütün dünyanın diqqəti Gürcüstana yönəlib. Bu seçkilər həm Gürcüstan dövləti, həm də bölgəmiz üçün çox böyük önəm daşıyır. Bu gün Gürcüstanda “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası ölkədə stabilliyin, sülhün qarantıdır. Yeganə hakimiyyətdir ki, son 12 il ərzində davamlı sülhü qoruya bilib. Baxmayaraq ki, bu gün bu hakimiyyətə çox böyük təzyiqlər var. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra bu təzyiqlər daha da artıb.

Bəzi qüvvələr Gürcüstanı Rusiya ilə ikinci cəbhə açmağa, Gürcüstandan Ukraynaya könüllü döyüşçülər göndərməyə, Gürcüstanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa sövq edirlər. Amma biz bilirik ki, bu təkliflər Gürcüstan dövlətçiliyinə birbaşa zərbə vuran qərarlar idi. Bu təzyiqlərə baxmayaraq, Gürcüstan hakimiyyəti bunların hamısının qarşısında durdu".

Deputat əlavə edib ki, Gürcüstan iqtisadi inkişaf baxımından lider ölkələr sırasında yer alıb: "Bu seçkinin önəmi də bu xətdən keçir. Bu, sülh ilə müharibə arasında olan seçkidir. Ailə dəyərləri ilə ailə dəyərlərinə qarşı olan qüvvələr arasındakı seçkidir. Bu seçki bölgədə sülhün bərqərar olunması ilə sülhün pozulması arasında olan seçkidir. Əminəm ki, gürcü xalqı 26 oktyabrda “Gürcü Arzusu”nu dəstəkləyəcək".

Z.Darğallı deyib ki, bu gün Gürcüstanla Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu tərəfdaşlıq eyni zamanda bölgədə sülh və sabitliyin bərqərar olmasına, regionun çiçəklənməsinə xidmət edir.

Siyasətçi Qərbin, o cümlədən ABŞ-nin Gürcüstana qarşı təzyiqlərinin artmasına da münasibət bildirib. Onun sözlərinə görə, təzyiqlərin sistematik olaraq artmasına baxmayaraq, Gürcüstan hakimiyyəti bunlara sinə gərəcək:

"Bizim üçün önəmli olan Gürcüstan əhalisinin maraqlarını yüksək səviyyədə qorumaqdır. Gürcüstan əhalisinin çox hissəsi, son sorğuların nəticələrinə görə, əhalinin 60 faizdən çoxu “Gürcü Arzusu” partiyasının siyasətini dəstəkləyir. Hamı görür ki, bu təzyiqlər ölkədə, bölgədə sabitliyi pozmağa, qarşıdurma yaratmağa yönəlib. Əminəm ki, seçkidən sonra bizim Qərb tərəfdaşlarımızla da münasibətlərə yenidən baxılacaq və bu münasibətlərdə müsbət dinamika olacaq.

Gürcüstanda fəaliyyət göstərən Neytral.ge saytının rəhbəri Əsəd Əliyev “Xalq Cəbhəsi”nə deyib ki, son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır: “Hər iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq genişlənməkdədir. Bu gün Cənubi Qafqazın taleyi Gürcüstan və Azərbaycandan asılıdır. Ötən ilin bu günlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Azərbaycanla Gürcüstanın iştirak etdiyi regional layihələr – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum və s. iki ölkə arasında dostluq münasibətlərinin birgə layihələrin reallaşması və ümumilikdə regionun inkişafına töhfədir”.

Politoloq Fuad Əliyev isə deyib ki, Qərb adəti üzrə Cənubi Q!afqaza təsir mexanizmlərini işə salıb: “Qərb isə Gürcüstanda özünə sərf edən, təsir altında qalacaq “marionet” hakimiyyət formalaşdırmağa çalışır. Fikir verin, Gürcüstan hakimiyyəti tərəfindən “Xarici agentlər haqqında" qanun qəbul edildikdən sonra Aİ gürcü hökumətinə yardımı dondurub və ölkənin ittifaqa qoşulmasından imtina ilə təhdid edib. ABŞ isə bəzi Gürcüstan vətəndaşlarına qarşı sanksiyalar və viza məhdudiyyətləri tətbiq edib.Bu birbaşa Gürcüstanın daxili işlərinə qarışmaq deməkdir. Sözsüz ki, bu müdaxilələr birinci növbədə Azərbaycan-Gürcüstan münasibətlərinə böyük istiqamətlərdə təsir edə bilər. Hər iki ölkə bölgədə sülhün bərqərar olması üçün birgə səy göstərməlidir”.

Cavid