Hakan Çalhanoğlu Romada mükafatlandırılacaq Dünya

Hakan Çalhanoğlu Romada mükafatlandırılacaq

İtaliyanın paytaxtı Roma Beynəlxalq Mükafatlandırma Mərasiminə ev sahibliyi edəcək. Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “Demirören Haber Ajansı” məlumat yayıb.
Məlumatda bildirilir ki, bu il ikinci dəfə keçiriləcək “Akdeniz Beynəlxalq Mükəmməlliyyət Mükafatı Mərasimi” üçün geri sayım başlayıb.
Hazırlıqları böyük bir diqqətlə həyata keçirilən mərasim 21 oktyabrda baş tutacaq. Akdeniz Jurnalistlər Cəmiyyətinin prestij layihələrindən biri olan mərasimdə öz sahəsində uğur qazanmış, beynəlxalq miqyasda fərq yaradan, sülhə, dostluğa, mədəniyyətə, incəsənətə və idmana töhfə verən insanlar mükafata layiq görülür. Mərasimin xüsusi qonaqları arasında sosial layihələrdə iştirak edən, sosial mövzularda həssaslığı yüksək olan örnək adlar yer alır.
Bildirilir ki, münsiflər heyəti bu il mükafat alacaq adlar arasında “İnter”də çıxış edən milli futbolçu Hakan Çalhanoğlu və “İnter” klubunun prezidenti Cüzeppe Marottanı da seçib. Həmçinin dünya şöhrətli əfsanəvi futbolçu Canfranko Zolanın da mükafatlandırılacağı açıqlanıb.
Beşiktaşa transfer olunan “Qızıl ayaqqabı” mükafatlı İtaliya milli futbolçusu Ciro İmmobile, Beşiktaşın vitse-prezidenti Hüseyn Yücel ilə yanaşı, Türkiyə Qadın Milli Voleybol Komandasının baş məşqçisi, italiyalı Danielle Santarelli və Türkiyə Voleybol Federasiyasının Prezidenti Mehmet Akif Üstündağın adları daha əvvəl açıqlanmışdı.
Qeyd edək ki, İtaliya İdman Yazıçıları Dərnəyi (USSI) ilə Avropa İdman Yazıçıları Dərnəyinin (AIPS) və Artemisia Fondu ilə birgə təşkil edilən mərasimin keçiriləcəyi ünvan Romanın əlamətdar yerlərindən biri olan Venesiya meydanındakı tarixi və görkəmli “Palazzo Valentini”, yəni "Valentini Sarayı"dır.
Ulduzların paradına səhnə olacaq gecədə Türkiyənin idman ictimaiyyəti ilə yanaşı, İtaliyadan olimpiya çempionları, Federasiya prezidentləri, incəsənət və kino dünyasının tanınmış şəxsləri də qatılaraq mükafatlarını alacaqlar.