“Qərbdən olan institutlar üçün dövlətlərin daxili məsələləri əhəmiyyət kəsb etmir” Dünya

“Qərbdən olan institutlar üçün dövlətlərin daxili məsələləri əhəmiyyət kəsb etmir”

“Gürcüstanda baş verən prosesləri biz gördük. Orada Xarici Agentlər haqqında qanunun qəbul edilməsi zamanı, hətta analoji qanunların qüvvədə olduğu dövlətlər belə Gürcüstana qarşı səfərbər oldular və o qanunu qəbul etməməyə təsir göstərməyə çalışdılar. Hətta etiraz aksiyalarında Qərb ölkələrinin diplomatları, jurnalistləri, parlamentariləri iştirak edirdilər”. Bunu xalqcebhesi.az-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov söyləyib.
X.Bəşirov qeyd edib ki, bu, Gürcüstan dövlətinin daxili işlərinə açıq şəkildə müdaxilə etmək demək idi: “Təbii ki, bunlar bir daha onu göstərdi ki, Qərbdən olan institutlar üçün dövlətlərin daxili məsələləri əhəmiyyət kəsb etmir. 2004-cü ildən Gürcüstana rəhbərlik edərkən Qərb yönümlü siyasət yürüdən Saakaşvili və ondan sonrakı hakimiyyətlərin 20 il ərzində Qərb istiqamətində atdıqları bütün o addımların üzərindən bir gündə xətt çəkildi. Gürcüstan 20 il ərzində yürütdüyü o siyasətlə 20 ildən sonra Avropa İttifaqına üzvlüyə namizədlik statusunu qazanmışdı, NATO ilə əməkdaşlıq edirdi. Düzdür, bu, o qədər ciddi bir uğur deyildi. Amma bunlar üzərindən xətt çəkdilər və Avropa İttifaqı ilə bağlı Gürcüstanın o statusu ləğv edildi”.
Politoloq həmçinin bildirib ki, bu, bir daha göstərdi ki, Qərb ölkələri Gürcüstanın bu illər ərzində yürütdüyü Qərb yönümlü siyasətin Rusiya ilə müharibə və müharibədə ərazilərinin böyük bir hissəsini itirməsi bahasına olsa belə atdıqları o addımları bir göz qırpımında unutdu və bugünkü gərgin vəziyyət, siyasi və diplomatik qarşıdurma mövcuddur: “Seçkilər ərəfəsində Gürcüstana bu kimi basqılar, təzyiqlər, təsirlər olacaq. Seçkilərdə Gürcüstanda hazırki “Gürcü arzusu” hakim partiyanın qalib gəlməsi bu siyasəti davam etdirməsinə gətirib çıxaracaq”.