Aİ-nin Gürcüstandakı səfiri: Vizasız rejimin dayandırılması təhdid deyil, reallıqdır Dünya

Aİ-nin Gürcüstandakı səfiri: Vizasız rejimin dayandırılması təhdid deyil, reallıqdır

“Sanksiyaların tətbiq edilməsi asan qərar deyil, bu, bütün Avropa İttifaqı (Aİ) üzvlərinin yekdil qərarını tələb edir, vizasız gediş-gəlişin dayandırılması isə yekdil qərar tələb etmir. Bu, təhdid deyil sadəcə reallıqdır”.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski Gürcüstanla vizasız rejimin mümkün dayandırılmasına dair suala cavabında deyib.

Diplomat qeyd edib ki, Gürcüstanın viza rejiminin liberallaşdırılması zamanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyinə nəzarət etmək və yerinə yetirilmədiyi təqdirdə buna reaksiya vermək Aİ-nin və Avropa Şurasının vəzifəsidir.

“Keçmişdə seçkilərin azad və ədalətli keçirilmədiyi və bizim, Aİ-nin sanksiyalar da daxil olmaqla, müxtəlif tədbirlər görməkdən başqa çarəmiz qalmamasına dair nümunələr olub. Sanksiyaların tətbiqi asan deyil, çünki bu, Aİ-nin bütün üzvlərinin birgə qərarını tələb edir, lakin, məsələn, vizasız gediş-gəlişin dayandırılması yekdil qərar tələb etmir”, - Herçinksi deyib.

Səfir Gürcüstanın götürdüyü öhdəliklərə azadlıq, demokratiya, qanunun aliliyi, azlıqların hüquqlarının qorunması kimi məsələlərin daxil olduğunu əlavə edib.