“Fransanın xarici işlər naziri rəsmi İrəvanı revanşizmə hazırlayır”-Musa Qasımlı Dünya

“Fransanın xarici işlər naziri rəsmi İrəvanı revanşizmə hazırlayır”-Musa Qasımlı

“Fransanın xarici işlər naziri Jan Noel Baronun Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğunu deyərək, böhtan xarakterli açıqlama verməsi təəccüblü deyil. 1988-ci ildən bəri Fransanın Azərbaycana qərəzli münasibəti enib-qalxmalarla daim olub, başlıca məna dəyişməyib. Jan Noel Baron da həmin xətti davam etdirir”. Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib. M.Qasımlı belə mövqenin bir neçə səbəbi olduğunu diqqətə çatdırıb: “Birincisi, görünür, nüvə dövləti, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın xarici işlər naziri beynəlxalq hüquqdan xəbərsizdir, onu istədiyi kimi şərh edir. İkincisi, bu şəxsin əli fransız xalqını aldadaraq çirkli yollarla pullar qazanmış erməni milyonçularının cibindədir. Üçüncüsü, nazirin görmə, oxuma və düzgün dərketmə problemi var. Nəhayət, Azərbaycanın təcavüzkar, işğalçı Ermənistanı məğlub edərək dünya birliyi tərəfindən tanınmış ərazilərini azad etməsi həm də Fransanın Cənubi Qafqazda yürütdüyü siyasətin darmadağın edilməsidir”.
Mill Məclis sədrinin müavini əlavə edib ki, belə fikirlərin səsləndirilməsinin konkret məqsədləri var: “Fransa özünü erməni ictimai rəyində təmizə çıxarmağa, beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə müxtəlif xarakterli qətnamələrin qəbuluna çalışır, Ermənistanın Azərbaycana qarşı düşmənçiliyini qızışdırır, rəsmi İrəvanı revanşizmə hazırlayır”.

Röya İsrafilova