Gürcüstanda taleyüklü seçkilər: Nəticələr həm Azərbaycan, həm də region üçün vacibdir - TƏHLİL Dünya

Gürcüstanda taleyüklü seçkilər: Nəticələr həm Azərbaycan, həm də region üçün vacibdir - TƏHLİL

Oktyabrın 26-da Gürcüstanda ölkənin gələcək inkişaf vektorunu yaxın onilliklər üçün müəyyən edəcək parlament seçkiləri keçəcək. Budəfəki seçkilərdə əsas ağırlıq daxili məsələlərdən çox, ölkənin xarici siyasəti - seçəcəyi oriyentirlə bağlıdır.

Praqmatik siyasət yürüdən hakim “Gürcü Arzusu” partiyası avrointeqrasiya prosesini prioritet elan etməklə yanaşı, Rusiya ilə normal münasibətlər saxlamaqda, iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Əsas müxalifət qüvvəsi - “Birlik: Vahid Milli Hərəkat” koalisiyası isə Qərblə münasibətləri dərinləşdirməkdə, Rusiya ilə münasibətlərdə daha radikal yanaşma sərgiləməkdən yanadır.

Bu fonda Avropa İttifaqının seçkiöncəsi Gürcüstan hakimiyyətinə görünməmiş təzyiqlər göstərdiyi, açıq şantajdan belə çəkinmədiyi, seçkilərin nəticəsinə təsir etməyə çalışdığı aşkar görünür.

Bu təzyiqlər hələ 2024-cü il mayın 28-də Gürcüstanda “xarici agentlər” haqqında qanunun yekun qəbulundan öncə başlamışdı. Maliyyəsinin 20 faizindən çoxu xarici qrantlardan formalaşan bütün təşkilatların “xarici agent təşkilatlarının” üçün xüsusi reyestrdə qeydiyyatdan keçməsini nəzərdə tutan qanun Qərbin kəskin etirazı ilə qarşılanmışdı. Qanunun Gürcüstanı avrointeqrasiyadan uzaqlaşdırdığını əsas gətirən Aİ iyulun əvvəllərində Gürcüstana 30 milyon avroluq yardımı dondurmuş, ABŞ dövlət katibi Antoni Blinken isə “ABŞ-Gürcüstan əməkdaşlığının hərtərəfli nəzərdən keçirilməsi” haqda xəbərdarlıq səsləndirmişdi.

Daha bir təzyiq dalğası isə sentyabrın 17-də Gürcüstan parlamentinin bu dəfə ölkədə LGBT-nin təbliğatını qadağan edən qanunu qəbul etməsi ilə başlamışdı. Müstəqil ölkənin daxili işlərinə, qanunvericilik aktlarına kobud müdaxilə edən Qərb hər dəfə xoşuna gəlməyən qanun layihələrinin qəbulunu rəsmi Tbilisinin Avropaya inteqrasiyadan uzaqlaşması kimi qələmə verir, sanksiya hədələri səsləndirirdi. Daha bir narazılıq mənbəyi isə rəsmi Tbilisinin Ukrayna böhranı fonunda Rusiya ilə normal münasibətlər saxlaması, Qərbin sanksiya siyasətinə qoşulmamasıdır.

Gürcüstanı Rusiya ilə qarşı-qarşıya qoymağı, bu ölkədən Moskvaya qarşı ikinci cəbhə açmağı hədəfləyən Qərb “Gürcü Arzusu”nun bu yöndə apardığı siyasəti hər vəchlə qaralamağa çalışır. Təsadüfi deyil ki, Avropa İttifaqının təzyiq üçün istifadə etdiyi platforma - Avropa Parlamenti seçkiöncəsi Gürcüstana təzyiq rıçaqlarından biri kimi işə salınıb. Oktyabrın 9-da “Demokratiyanın Geriləməsi və Gürcüstanda Siyasi Plüralizmə Təhdidlər” adlı qətnamə qəbul edən Aİ parlamenti açıq şəkildə Tbilisidən xarici siyasət gündəmini Aİ ilə razılaşdırmağı, Rusiyaya qarşı sanksiyalara qoşulmağı, “xarici agentlər” haqqında, LGBT təbliğatının qadağan olunması haqqında qanunları geri çəkməsini tələb edir.

Bundan bir qədər öncə isə Avropa Komissiyası prosesə qoşularaq, ““Gürcü Arzusu” öz avtoritar kursunu davam edərsə, Gürcüstanla Aİ arasında viza rejiminin müvəqqəti dondurulması” hədəsi səsləndirmişdi. Paralel olaraq, Gürcüstan cəmiyyətində müəyyən qütbləşmənin olduğu nəzərə alınaraq və cəmiyyətdəki ikitirəliyi daha da kəskinləşdirmək üçün maliyyə xarakterli məhdudiyyətlərin olacağı da bildirilmişdi. Oktyabrın 8-də Aİ-nin Gürcüstandakı nümayəndəliyi ölkənin demokratiya istiqamətində geri addım atdığını bəhanə edərək, Brüsselin ölkəyə ayırmalı olduğu 121 mln. avro vəsaiti dondurduğunu açıqlamışdı.

Halbuki, Gürcüstan 2008-ci ildən Qərbin fitnəsinə uyaraq atılan addımların hansı fəlakətə gətirib çıxaracağını yaxşı bilir. Həmin vaxt 5 gün davam edən hərbi əməliyyatlar zamanı Gürcüstan separatçı Abxaziya və Cənubi Osetiya regionlarına nəzarəti nəinki bərpa edə bildi, əksinə, Rusiyanın müharibəyə qoşulması ilə əlavə ərazi və insan itkiləri verdi. Rəsmi Tbilisini eskalasiyaya sürükləyən Qərb isə kollektiv şəkildə baş verənlərə kənardan tamaşa etməklə, simvolik dəstək jestləri verməklə kifayətləndi. Analoji ssenari 2014-cü ildən Ukraynada da həyata keçirildi və 2022-ci ildə məlum müharibəyə yol açdı. Kollektiv Qərbin baş verən proseslərdə katalizator olduğu, postsovet məkanında destruktiv, dağıdıcı fəaliyyəti göz önündədir. Bu kontekstdə “Gürcü Arzusu” iqtidarının bu meyllərə uymayaraq müstəqil xarici siyasət yürütməsi, şantaj və təzyiqlərə baxmayaraq, şimal qonşusu ilə normal münasibətlər qurmaq istəyi təqdirəlayiqdir.

Gürcüstanda Avropa İttifaqının “yumşaq güc” vasitəsilə apardığı aqressiv kampaniya seçkilərin nəticəsinə birbaşa təsir edəcək, ölkənin milli təhlükəsizliyini təhdid edəcək vəziyyətə gəlib. Təsadüfi deyil ki, parlamentin spikeri Şalva Papuaşvili müxalifətin xarici qüvvələrin dəstəyi ilə ölkədə seçkilərdən sonra konstitusion quruluşu devirməyə cəhd edəcəyini bildirib. Milli Təhlükəsizlik Xidməti isə feyk video-foto görüntülərdən istifadə etməklə, hakimiyyət nümayəndələrinin görüntülərinin yayıla biləcəyi riski barədə xəbərdarlıq edib. Bir sözlə, Gürcüstan dövlətçiliyi hibrid hücum qarşısındadır və məqsəd “Gürcü Arzusu” iqtidarını seçki, o da olmasa, “rəngli inqilab” metodu ilə devirməkdən ibarətdir.

Baş verənlər qonşu dövlətlə strateji müttəfiq səviyyəsinə gələn Azərbaycan üçün də təsirsiz ötüşə bilməz. Sirr deyil ki, tərəflər energetika sahəsi daxil olmaqla, bir çox sahələrdə həm siyasi, həm də iqtisadi platformalarda sıx əməkdaşlıq edir. Azərbaycan neft və qazının əsas hissəsi Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi Ərzurum kəmərləri ilə xaricə ixrac olunur. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP layihəsi və digər beynəlxalq layihələr, Azərbaycanın dövlət şirkəti SOCAR daxil olmaqla, Gürcüstan iqtisadiyyatına edilən milyardlarla dollar yatırım ikitərəfli münasibətlərin strateji xarakter almasında rol oynayıb.

TRASEKA, QDİƏT, GUAM, ATƏT, Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli formatında keçirilən görüşlər tərəflərə faydalı əməkdaşlıq etməyə, beynəlxalq platformalarda bir-birini dəstəkləməyə zəmin yaradıb. Paralel olaraq, Gürcüstanda sayı yarım milyonu aşan azərbaycanlının yaşaması, onlara Gürcüstan hakimiyyətinin həssas münasibət sərgiləməsi də Bakı-Tbilisi xəttində etimad yaradan amillərdəndir.

Odur ki, qonşu Gürcüstan dövlətinin sabitliyi Azərbaycan üçün öz sabitliyi qədər önəmlidir. Bu ölkədə baş verəcək istənilən daxili gərginlik, ictimai-siyasi anarxiya, qarışıqlıq region üçün təhdid, yeni risklərin yaranması deməkdir.

Bu amilləri nəzərə alaraq, oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinə bütün regionun nəzərlərinin cəlb olunacağını söyləmək olar. Taleyüklü seçkilərin nəticəsi həm də, Cənubi Qafqazda Azərbaycan-Ermənistan normallaşması fonunda davamlı sülh və stabilliyin qalıcı olması baxımından önəm daşıyır.

APA Analytics