Avstraliyalı senator Kral Çarlzın çıxışına etiraz edib Dünya

Avstraliyalı senator Kral Çarlzın çıxışına etiraz edib

Kral Çarlz Avstraliyadakı rəsmi səfərinin ikinci günündə Avstraliya Parlament Evindəki çıxışını bitirdikdən sonra müstəqil senator Lidiya Torp tərəfindən etirazla qarşılaşıb.

AZƏRTAC-ın məlumatına görə, aborigen sakinlərdən olan senator “Sən mənim kralım deyilsən” şüarları səsləndirib. O, təhlükəsizlik əməkdaşları tərəfindən çıxarılmadan əvvəl təxminən bir dəqiqə ərzində bir neçə şüar bağırıb: “Siz bizim xalqımıza qarşı soyqırımı törədibsiniz. Bizə torpağımızı geri verin! Bizdən oğurladığınızı geri verin!”.

Viktoriya əyalətini Senatda təmsil edən ilk aborigen olan Lidiya Torp himn oxunarkən də arxasını çevirərək etirazını nümayiş etdirib.

Avstraliya 18-ci əsrin sonlarında Britaniya tərəfindən məskunlaşdırılıb, bu da aborigen icmalarının kütləvi yerdəyişməsinə, xəstəliklərə və sərhəd qırğınlarına görə saysız-hesabsız ölümlərə səbəb olub.