İsrail Livandakı müharibəni bu şərtlərlə dayandıra bilər Dünya

İsrail Livandakı müharibəni bu şərtlərlə dayandıra bilər

ABŞ Administrasiyasının xüsusi nümayəndəsi Amos Hokşteynin oktyabrın 22-də Livana səfəri öncəsi Netanyahunun ofisi Livanda atəşkəs şərtlərini əks etdirən sənədi Amerika tərəfinə təhvil verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“Sənədin müəllifi Netanyahunun ən yaxın məsləhətçilərindən biri olan strateji işlər naziri Ron Dermerdir. Müdafiə Nazirliyinin və ÇAXAL-ın mövqeyi nəzərə alınmaqla hazırlanan mesaj oktyabrın 17-də Hokşteynə ötürülüb. İsrailin tələblərindən biri də ÇAXAL-a sərhəd bölgəsində fəaliyyət azadlığının verilməsidir. Bu, Hizbullahın terror infrastrukturunu yenidən qura bilməməsini təmin etmək məqsədi daşıyır. İsrail ordusuna Livanın hava məkanında hərəkət azadlığı verilməlidir”, - məlumatda deyilir.

Qeyd olunur ki, bu tələb sərhədin şimal tərəfinə nəzarəti Livan Ordusu və UNIFIL-ə həvalə edən BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə ziddir.

Amerika mənbələri Livan və beynəlxalq ictimaiyyətin İsrail şərtləri ilə razılaşmaq şanslarının praktiki olaraq sıfır olduğunu bildirir:

“Bununla belə, Hokşteynin digər məqsədi Livan ordusunun İsraillə sərhəddə mövcudluğunun artırılmasına və UNIFIL-in səlahiyyətlərinin genişləndirilməsinə nail olmaqdır”.