"Saakaşvili dönəmi başa çatıb" Dünya

"Saakaşvili dönəmi başa çatıb"

Gürcüstanda oktyabrın 26 -da keçiriləcək parlament seçkiləri öncəsi GORBİ Beynəlxalq Tədqiqat Mərkəzi Gürcüstanda keçirdiyi seçki sorğusunun nəticələrini açıqlayıb.

Hesabata görə, 18-30 sentyabr arası 1700 nəfər arasında aparılmış sorğuda hakim "Gürcü Arzusu" önə çıxıb: respondentlərin 59,5 faizi oktyabrın 26-na təyin olunmuş parlament seçkisində bu quruma səs verəcəyini bəyan edib. Üç müxalif partiyanı birləşdirən Birlik – Milli Hərəkat koalisiyası 13,6 faiz səslə göstərilir. Bu koalisiyada əsas qurum sabiq prezident Mixail Saakaşviliyə bağlı Vahid Milli Hərəkat Partiyasıdır. Yeniliklər koalisiyasına respondentlərin 10,3 faizi dəstək ifadə edib. Qalan seçki iştirakçılarının heç birinin 5 faizlik baryeri aşmadığı bildirilir.

Parlament seçkisinə 19 partiya qatılıb.

Politoloq Məhəmməd Əsədullazadə "Xalq Cəbhəsi"nə deyib ki, keçirilən sorğularda hakim partiya liderliyini qoruyub saxlayır. Bu, o dəməkdir ki, seçkilərdə" Gürcü Arzusu" partiyasının qələbə əldə etməsi gözlənilir:

"Prezident S. Zurabaşvili müxalifəti dəstəkləyir və ötən gün xalqa müraciətində Avropa xəttinə səs verməyə çağırdı. Müxalifətin zəif olmasında vahid liderin olmadığından irəli gəlir. M. Saakaşvili dönəmi başa çatıb. Gürcüstan əhalisi M. Saakaşvili dönəmini bağlayıb. Məhz bu illər ərzində müxalifətdən yeni lider ortaya çıxmadı. Bir növ M. Saakaşvili ətrafında cəmləşdi. Qərb də yeni lider axtarışına çıxmadı. Müəyyən qədər M. Saakaşvilinin üzərində dayanaması Qərbin strateji səhvi oldu.

Prezident S. Zurabaşvilinin müxalifətə dəstək verməsinə baxmayaraq onun prezident olduğu üçün xalq tərəfindən ciddi siyasi müxalifət lideri kimi qəbul edilmir. Bunlardan istifadə edən hakim partiya kifayət qədər resurslarını inkişaf etdirib.

Gürcüstanda seçkilər Qərblə- Rusiya arasında siyasi rəqabət fonunda keçiriləcək. Bu seçki Gürcüstanın Qərbdən uzaqlaşmasi, Rusiya və Çin oxuna yaxınlaşmasına gətirəcək. Gürcüstan 20 ildən sonra Avrointeqrasiya siyasətindən imtina edərək yeni dünya siyasi nizamında Rusiya -Cin oxuna yaxınlaşır.

Qeyd edim ki, Gürcüstan hökuməti Rusiya ilə yaxınlaşmaqla ərazi bütövlüyünü bərpa etməsini planlaşdırır. Amma, Rusiya separatçı regionları Gürcüstana güzəştə getməyəcək. Rusiya çalışır ki, Qərblə Gürcüstan arasında münasibətləri tamamilə qırsın. Ondan sonra Tiflis Moskvanın orbitində qalmağa məcbur olacaq. Regionda ciddi geosiyasi rəqabət fonunda Tiflisin siyasi oriyentasiyasını dəyişməsi bu ölkənin zəifləməsinə gətirib çıxara bilər".

Cavid