Gürcüstan Avropa yolunu tutacaq, yoxsa... Dünya

Gürcüstan Avropa yolunu tutacaq, yoxsa...

Xalq oktyabrın 26-da qərarını verəcək

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləridir. Həmişə olduğu kimi müxalifətlə iqtidar partiyası arasında mübarizə çoxdan başlayıb. Qərb də müxalifət tərəfdədir və onun qələbə qazanmadı üçün bütün rıçaqlarını işə salıb. Gürcüstan prezidenti Salome Zurabişvili də müxalifətin tərəfindən çıxış edir. O, xalqa müraciətində deyib ki, Gürcüstan vətəndaşları qarşıdan gələn parlament seçkilərində dörd avropayönümlü müxalifət koalisiyasından birinə səs verməlidirlər.

“Söhbət Lelo – Güclü Gürcüstan, Vahid Milli Hərəkat, Dəyişiklik Uğrunda Koalisiya və Qaxariya – Gürcüstan Uğrunda partiyalarından gedir. Bu dörd partiyaya veriləcək hər hansı bir səs bizi Avropaya aparacaq. Hansı partiya sizin üçün yaxşıdırsa, ona səs verəcəyik, həmin 4 partiya da mənimlə birlikdə bu yolla gedəcək”, - Zurabişvili bildirib.

Onu da qeyd edək ki, Gürcüstanda parlament seçkilərinə 6 gün qalmış müxalifət tərəfdarları ölkənin Avropa Birliyinə inteqrasiyasına dəstək məqsədilə paytaxt Tiflisdə yürüş keçiriblər.

Rusiya mətbuatı yazır ki, əllərində Gürcüstan və Avropa Birliyinin bayraqları olan mindən çox paytaxt sakini “Gürcüstan Avropa Birliyini seçir” adlı yürüş keçirib.

“Seçkiyə gəlin” plakatları ilə keçirilən aksiyada iştirakçılar paytaxtın mərkəzinə, Azadlıq meydanına gediblər.

Gürcüstan Prezidenti Salome Zurabişvili də mitinqdə iştirak edib.

O, mitinq təşkilatçılarının çıxış etdiyi səhnə qarşısında dayanıb. Ancaq mediaya açıqlama verməyib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 20 oktyabrda keçirilən "Gürcüstan Avropa İttifaqını seçir" adlı mitinqdə Prezident Salome Zurabişvilinin çıxış etməsinə belə reaksiya verib: "Salome Zurabişvili Konstitusiyaya uyğun olaraq partiyasız olmalıdır. Buna görə də onun partiya tədbirində iştirakı Konstitusiyanın növbəti dəfə gözardı edilməsidir, bu isə onun xarakteristikasıdır. Lakin, xoşbəxtlikdən, onun seçkilərin nəticələrinə təsir etmək üçün heç bir resursu yoxdur".

Onun sözlərinə görə, müxalifət partiyaları seçkiləri 1 həftə əvvəl başa vurublar. Hökumət başçısı hesab edir ki, müxalif partiyalar 26 oktyabrda keçiriləcək seçkilərdə nəinki qalib gələcək, hətta "layiqli nəticə" belə əldə edə bilməyəcəklər.

"Siz gördünüz ki, əslində, radikal müxalifət, kollektiv 'Milli Hərəkat' seçkiləri 1 həftə əvvəl başa vurdu, 100 mini 6-ya, 7-yə bölün və reallığı göstərən rəqəmi alacaqsınız. Mən hər şeyi gördüm. Radikal müxalifət partiyaları indiyədək kampaniyalarını ağıllı aparırdılar, belə tədbirlər keçirmirdilər və ya sadəcə oturacaqlar qoyurdular, bu da düzgün və praqmatik qərar idi. Oturacaqlarla 2 min 500 nəfəri elə yerləşdirə bilərsən ki, sanki orada 15 min nəfər toplaşıb.

Siz hamınız Zuqdidi şəhərində gördünüz ki, biz bir regionda təxminən eyni sayda insan topladıq, nə qədər ki, radikal müxalifət öz QHT-ləri ilə birlikdə Tbilisidə toplaya bildi.

Hamınız görəcəksiniz ki, 'Gürcü Arzusu'nun gücü və dəstəyi necədir. Radikal müxalifət bu uğursuz aksiya ilə seçkiləri 1 həftə əvvəl başa vurdu.

Həmin gün bütün partiyaları və QHT-ləri gizlətdilər, amma yenə də xalqı toplaya bilmədilər. Heç bir çıxış edən də olmadı, hamını gizlətdilər, amma aksiya iştirakçılarının sayını artıra bilmədilər. Bu isə onu göstərir ki, bütün müxalif partiyalar, dörd radikal müxalifət partiyası tamamilə nüfuzdan düşüb. Onların birlikdə seçkidə qalib gəlmək şansı olmadığı kimi, layiqli nəticə əldə etmək şansları da yoxdur".

Yeri gəlmişkən, oktyabrın 14-də AB-yə üzv ölkələrin xarici işlər nazirləri Gürcüstan və Moldovada seçkiqabağı vəziyyəti müzakirə ediblər. Bunu AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell deyib.

“Hər iki ölkəni qarşıdakı həftələrdə həlledici seçkilər gözləyir. Moldova Rusiyanın artan təzyiqlərinə baxmayaraq, Avropa Birliyinə üzv olmaq yolunda mühüm irəliləyiş əldə edib. Gürcüstandakı mənzərə Moldova ilə müqayisədə daha mürəkkəbdir. Hakim partiyanın hərəkətləri, bəyanatları və seçki vədləri ölkəni AB-yə üzvlük yolundan uzaqlaşdırır və avtoritarizmdən xəbər verir. Buna görə də Gürcüstanın AB-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb”, - Borrell bildirib.

Onun sözlərinə görə, qarşıdan gələn parlament seçkilərinin nəticələrini gözləmək lazımdır:

“Bu, Gürcüstanın demokratiyası və Avropa Birliyinə qoşulma yolu üçün həlledici sınaq olacaq”.

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev deyib ki, Avropa İttifaqı (Aİ) Gürcüstanla bağlı artıq bir neçə qərar və qətnamə qəbul edib. Bu, açıq-aşkar daxili siyasətimizə müdaxilədir və bir növ söz azadlığını məhdudlaşdırmaqdır.

Onun sözlərinə görə, Qərb ölkələri çalışırlar ki, hakim partiyanın rəhbərlərinə sanksiyalar tətbiq etsinlər.

“Fikrimcə, bu, bir növ onların müxalifətə humanitar dəstəyidir. Onlar çalışırlar müxalifət maksimum dərəcədə qalib gəlsin. Müxalifətin isə yerli xalqdan dəstəyi yoxdur. Ona görə də ölkədən kənardakı qüvvələrə müraciət edirlər ki, hansısa formada xaos yaradılsın, asayiş pozulsun. Amma onlar buna nail ola bilməyəcəklər”, - deyə S.Mirzəyev vurğulayıb.

O əlavə edib ki, bir neçə aydır Qərb Gürcüstanda hakimiyyət dəyişikliyinə şərait yaratmağa çalışır. Bu da ikinci cəbhənin açılmasına xidmət edir:

"Bir neçə dəfə ölkə rəhbərliyi bəyan edib ki, bizim ikinci cəbhə açmağa ehtiyacımız yoxdur. Əsas məqsədimiz ölkədə sülh və sabitliyin bərqərar olması, ölkənin inkişafı üçün ən gözəl şərait yaratmaqdır”.

Deputat vurğulayıb ki, hakim partiya oktyabrın 26-da yüksək faizlə xalqın dəstəyini yenidən qazanacaq. Aparılan sosioloji sorğuların ilkin nəticələri bu inamı daha da artırır. Son sorğuda respondentlərin 60 faizdən çoxu hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasını dəstəkləyib.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov,Un fikrincə, Gürcüstanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca Qərbin bu ölkənin hakimiyyət və cəmiyyətinə qarşı təzyiqləri də getdikcə artır. Gürcüstanın daxili işlərinə, seçki prosesinə kənardan müdaxilələrin miqyası genişlənir. Təkcə gürcü xalqı və dövlətçiliyi üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün xüsusi əhəmiyyət kəsb edən 26 oktyabr seçkilərinə hazırlıq və təbliğat-təşviqat kampaniyası Qərbin total təzyiqləri şəraitində keçir. Qərb Gürcüstanda hakimiyyətə öz tərəfdaşlarını gətirmək üçün bütün vasitələrə əl atır.

Ə.Hüseynob qeyd edib ki, ABŞ və Fransa başda olmaqla bir sıra Qərb dövlətləri, onların Gürcüstandakı diplomatik missiyalarının rəhbərləri, habelə Avropa İttifaqının (Brüsselin) Cozef Borrel kimi təxribatçı nümayəndələri Gürcüstanla bağlı həqiqəti əks etdirməyən, yalan məlumatlarla dolu bəyanatlar verir, rəsmi Tiflisə qarşı sanksiyalar tətbiq ediləcəyini bəyan edirlər. Bütün bunlar əlbəttə ki, hakim “Gürcü Arzusu” partiyasının yürütdüyü siyasətə qarşı yönəlib. Vaşinqton və Brüsseldən açıq şəkildə bəyan olunur ki, əgər “Gürcü Arzusu” hakimiyyətdə qalarsa, Gürcüstanın Avropaya yolu bağlanacaq. Bir sözlə, Qərb Gürcüstanda həm seçkiöncəsi, həm də seçkisonrası mərhələdə süni surətdə inqilab vəziyyət yaratmaq üçün əlindən gələni edir: "Qərbin bu hərəkətləri və müdaxilələri sözsüz ki, Gürcüstanın suveren hüquqlarının kobudcasına pozulması deməkdir. Demokratik Qərbin bu cür qeyri-demokratik addımları nə beynəlxalq hüququn norma və prinsiplərinə, nədəki diplomatik etiketə uyğun deyil. Qərb ölkələrinin Tiflisdəki səfirlərinin və rezidentlərinin Gürcüstan vətəndaşlarına yol göstərməyə çalışması, onların seçki günü kimlərə səs vermələrini diktə etməsi bu ölkənin daxili işlərinə birbaşa müdaxilədir və eyni zamanda bütövlükdə regionda sabitliyi pozmağa, Cənubi Qafqazın hazırkı geosiyasi arxitekturasının dəyişdirilməsinə yönəlib.

Vaşinqton və Brüssel Cənubi Qafqazda söz sahibi olmaq üçün region ölkələrinə hökm etməyə, onları özlərinə tabe etməyə, vassala çevirməyə çalışırlar. Onlar Ermənistanda bu istəklərinə müəyyən dərəcədə nail olublar. İndi də hədəfdə Gürcüstandır. Qərb bütün resurslarını işə salaraq seçki ərəfəsində Gürcüstanda hansısa təxribatlar törətməyə hazırlaşır, seçkilərin nəticələrinə təsir göstərmək istəyir. Ancaq Qərbin bu planın gerçəkləşməsi mümkün deyil. ABŞ və Avropa İttifaqının öz geosiyasi hegemonluq maraqlarını həyata keçirmək məqsədilə qonşu Gürcüstanda siyasi proseslərə müdaxilə etməsi onların gözlədikləri effekti verməyəcək.

Biz əminik ki, Qərbin Gürcüstanda keçiriləcək seçkilərə kobud müdaxiləsi mütləq iflasa uğrayacaq. Region xalqları öz gələcək inkişaf yollarını özləri seçməlidir. Gürcü xalqı da öz taleyini özü həll edəcək və 26 oktyabr seçkilərinin nəticələri gürcü xalqının iradəsinə uyğun olacaq. Qərbdən fərqli olaraq biz qonşu Gürcüstanda xaosun və hərcmərcliyin yox, sabitliyin və dayanıqlı inkişafın tərəfdarıyıq. Cənubi Qafqazın sülh və sabitlik adasına çevrilməsi Azərbaycan və Gürcüstanın birgə səyləri nəticəsində mümkün olacaq".

Gürcüstanda oktyabrın 26 -da keçiriləcək parlament seçkiləri öncəsi GORBİ Beynəlxalq Tədqiqat Mərkəzi Gürcüstanda keçirdiyi seçki sorğusunun nəticələrini açıqlayıb.

Hesabata görə, 18-30 sentyabr arası 1700 nəfər arasında aparılmış sorğuda hakim "Gürcü Arzusu" önə çıxıb: respondentlərin 59,5 faizi oktyabrın 26-na təyin olunmuş parlament seçkisində bu quruma səs verəcəyini bəyan edib. Üç müxalif partiyanı birləşdirən Birlik – Milli Hərəkat koalisiyası 13,6 faiz səslə göstərilir. Bu koalisiyada əsas qurum sabiq prezident Mixail Saakaşviliyə bağlı Vahid Milli Hərəkat Partiyasıdır. Yeniliklər koalisiyasına respondentlərin 10,3 faizi dəstək ifadə edib. Qalan seçki iştirakçılarının heç birinin 5 faizlik baryeri aşmadığı bildirilir.

Cavid