“Gürcü Arzusu hakimiyyətlə vidalaşmaq məcburiyyətində qalacaq” Dünya

“Gürcü Arzusu hakimiyyətlə vidalaşmaq məcburiyyətində qalacaq”

“Prezident Salome Zurabişvilinin Fransa ilə möhkəm əlaqələrinin olması müxalifətin etiraz aksiyalarına dəstək baxımından önəm daşıyır”. Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Politoloq qeyd edib ki, S.Zurabişvili həm millət vəkilliyinə, həm prezidentlik postuna məhz iqtidardakı Gürcü Arzusunun dəstəyi ilə gəlsə də, hazırda ona birmənalı arxa çevirməkdədir: “Öncə “Müvəqqəti keçid hökuməti” planı irəli sürüldü, bu plan həyata keçməyincə Avropaya yürüyüş aksiyası keçirməyə başladı. Seçki öncəsi sorğular heç bir tərəfin vacib olan %50+1 barajı keçmədiyini göstərir. Ehtimal ki, seçkilər 2-ci tura keçid edə və müxalifətin koalisiya qurma imkanlarına bağlı olaraq nəticələr dəyişə bilər. Müxalifət partiyaları aralarında olan kəskin ziddiyyətlərə rəğmən hakimiyyətə gəlmək məqsədi ilə ikinci turda koalisiya yaratmağı bacararlarsa, Gürcü Arzusu hakimiyyətlə vidalaşmaq məcburiyyətində qalacaq. Koalisiya formalaşmazsa, iqtidar partiyası parlament çoxluğunu davam etdirəcək və bu durumda hətta prezident Zurabişvilinin “vətənə xəyanət” ittihamı ilə impiçment qaydasında prezidentlik postundan kənarlaşdırılması ittihamı irəli sürüləcək”.

O, sonda bildirib ki, istənilən halda seçkinin nəticələrini zaman göstərsə də, öncədən əmin olduğumuz tək faktor Gürcüstanı yaxın perspektivdə ağır sınaqların gözlədiyidir.

Röya İsrafilova