Qərb-Gürcüstan qarşıdurmsı: proseslər nə vəd edir Dünya

Qərb-Gürcüstan qarşıdurmsı: proseslər nə vəd edir

Tural İsmayılov: “Qərbin siyasəti neoimperializmin növbəti cəhdidir”

Mübariz Göyüşlü: “Bu müdaxilələr qəbuledilməzdir”

Züriyyə Qarayeva: “Brüssel və Vaşinqtonun son ümidi Gürcüstandakı seçkilərdir”

Oktyabrın 26-da Gürcüstanda Parlament seçkiləri keçiriləcək. Seçki günü yaxınlaşdıqca Qərb Gürcüstana qarşı təhdidləri artırır, Gürcüstanı sanksiya ilə hədələyir. Qərbin Gürcüstanın daxili işlərinə qarışması beynəlxalq hüquqa nə qədər uyğundur və seçkiöncəsi nə gözlənilir? Siyasi ekspertlər prosesi “Xalq Cəbhəsi”nə şərh ediblər.
Politoloq Tural İsmayılov söyləyib ki, Qərbin Gürcüstanla bağlı siyasəti birmənalı şəkildə neoimperializmin növbəti cəhdi kimi dəyərləndirilməlidir. O bildirib ki, bu gün Gürcüstanın milli vətənpərvər Kobaxidze hökuməti ölkədə xarici agentlər haqqında qanun layihəsini qəbul etdikdən sonra Qərbdən Gürcüstana qarşı basqıların, hücumların sayı da durmadan artmağa doğru gedir: “Əlbəttə ki, bütün bu məsələlər Gürcüstana qarşı Qərb neoimperializminin haqsız mövqelərini göstərir. Eyni zamanda, bu gün Qərbin Gürcüstanı sanksiyalarla hədələməsi, Gürcüstanla şantaj, böhtan dilində danışması Qərb imperializminin bizə bəlli olan mahiyyətini növbəti dəfə dünyaya nümayiş etdirmiş olur”.
T.İsmayılov həmçinin qeyd edib ki, digər vaxtlar haqdan, hüquqdan, ədalətdən dəm vuran ABŞ bu gün ardıcıl şəkildə Qərbin özəlliklə Avropa hissəsi ilə birləşərək Gürcüstana geri addımlar atmaq üçün təzyiqlər etməyə çalışır. Politoloq Avropa ilə ABŞ-nin birgə Gürcüstanı nələrdəsə hədələməsinin nə beynəlxalq hüquq, nə də qlobal diplomatiyanın etiketləri baxımından əsla adekvat olmadığını vurğulayaraq əlavə edib ki, bu addım heç bir formada təqdir edilən bir addım hesab edilə bilməz: “Mən inanıram ki, bütün təxribat ehtimallarına rəğmən Gürcüstandakı seçkilər kifayət qədər yüksək peşəkarlıqla keçiriləcək. Düzdür, Qərb özünün nüfuz agentləri vasitəsi ilə Gürcüstana təsir etmək, seçki prosesini bütövlükdə gözdən salmaq üçün əlindən gələni etməyə çalışacaq. Amma bütün bunlar bu gün Gürcüstanın artan, inkişaf edən sabit dövlətçiliyinə heç bir formada xələl gətirə bilməyəcək. Çünki bu gün Gürcüstan aydın, vahid bir xətt tutub və oradakı dövlətçi hökumət qüvvələri istənilən neoimperialist hücumlara da müqavimət göstərmək qabiliyyətindədir”.
Kobud müdaxilə cəhdi
Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Qərbin Gürcüstanı sanksiya ilə hədələməsinin, onlarla təhdid, şantaj dili ilə danışmasının qəbuledilməz olduğunu qeyd edərək bildirib ki, bu hərəkət başqa dövlətin işinə qarışmaq deməkdir: “Düzdür, Qərb ölkələri bunu müxtəlif məsələlər ilə əlaqələndirib əsaslandırmağa çalışırlar ki, belə müdaxilələr etməyə ixtiyarları var. Yəni onlar bu məsələləri belə şərh etməyə çalışırlar. Amma düşünürəm ki, Gürcüstanın daxili işlərinə belə kobud şəkildə müxadilə etmək cəhdi qəbuledilməzdir”.
M.Göyüşlü bu müdaxilələri düzgün hesab etmədiyini vurğulayaraq əlavə edib ki, Gürcüstanda seçkilərin keçirilməsinə, xalqın öz hüquqlarını, taleyini özü tərəfindən müəyyən etməsinə imkan və şərait yaratmaq lazımdır.
Brüssel və Vaşinqtonun son ümidi
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva isə Gürcüstanda hazırki seçkilərin ölkədə kəskin siyasi qütbləşmənin əsl mənzərəsini ortaya qoymaqla yanaşı, Qərb və Rusiya qarşıdurmasının da bariz platformalarından biri olduğunu bildirib: “Cənubi Qafqazda təsir imkanlarını yalnız Ermənistan üzərindən reallaşdıra bilən Brüssel və Vaşinqtonun son ümidi Gürcüstandakı hazırki seçkilərdir”.
Politoloq deyib ki, həmin seçkilərin nəticələrindən asılı olaraq Qərb və Rusiyanın bu regiondakı qüvvələr balansı dəyişəcək: “Hakim Gürcü Arzusu partiyası ölkəsinin Rusiya ilə münasibətləri inkişaf etdirməsinin ərazi bütövlüyü probleminə də çarə olacağı qənaətindədir. Moskva ilə əlaqələri daha yumşaq səviyyəyə keçid etdirməyi bacaran bu partiya Qərbə inteqrasiyanın Gürcüstana itkidən başqa heçnə qazandırmadığı qənaətindədir. Müxalifət partiyası isə “Avropaya inteqrasiya” adı altında birləşməkdədir. Məqsəd Qərb “idellarını” ölkəyə daşımaq, bu yolla isə həm Qərbə, həm də daxili auditoriyaya mesajlar verməkdir. Qərbə verilən mesaj “bizi tutsanız biz də sizin dayaqları gücləndirəcəyik” məzmununda, daxilə verilən mesaj isə “rifahımızın yolu Avropanın dəstəyindən keçir” məzmunundadır”.
“Gürcü Arzusu hakimiyyətlə vidalaşmaq məcburiyyətində qalacaq”
Z.Qarayeva eləcə də Prezident Salome Zurabişvilinin Fransa ilə möhkəm əlaqələrinin olmasının müxalifətin etiraz aksiyalarına dəstək baxımından önəm daşıdığını vurğulayıb: “S.Zurabişvili həm millət vəkilliyinə, həm prezidentlik postuna məhz iqtidardakı Gürcü Arzusunun dəstəyi ilə gəlsə də, hazırda ona birmənalı arxa çevirməkdədir. Öncə “Müvəqqəti keçid hökuməti” planı irəli sürüldü, bu plan həyata keçməyincə Avropaya yürüyüş aksiyası keçirməyə başladı. Seçki öncəsi sorğular heç bir tərəfin vacib olan %50+1 barajı keçmədiyini göstərir. Ehtimal ki, seçkilər 2-ci tura keçid edə və müxalifətin koalisiya qurma imkanlarına bağlı olaraq nəticələr dəyişə bilər. Müxalifət partiyaları aralarında kəskin ziddiyyətlər var. Koalisiya formalaşmazsa, iqtidar partiyası parlament çoxluğunu davam etdirəcək və bu durumda hətta prezident Zurabişvilinin “vətənə xəyanət” ittihamı ilə impiçment qaydasında prezidentlik postundan kənarlaşdırılması ittihamı irəli sürüləcək”.

Röya