“Gürcüstan tarixində ilk dəfə səslərin hesablanmasının elektron sistemi tətbiq edilib” Dünya

“Gürcüstan tarixində ilk dəfə səslərin hesablanmasının elektron sistemi tətbiq edilib”

“Gürcüstanda keçirilmiş parlament seçkilərində mən də Azərbaycan nümayəndə heyətinin tərkibində müşahidəçi kimi Gürcüstanda səfərdə oldum. Biz Rustavi və Tbilisidə çoxsaylı məntəqlərdə olduq”. Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Deputat məntəqələrin çoxunda seçki prosesinin normal getdiyini, hansısa insident, xoşagəlməz hal yaşanmadığını diqqətə çatdırıb: “Seçicilərin aktivliyi çox yüksək idi və seçkilərin normal, demokratik, bütün beynəlxalq standartlara uyğun keçirildiyi görünürdü. Maraqlı bir cəhət ondan ibarət idi ki, Gürcüstan tarixində ilk dəfə seçkilərdə səslərin hesablanmasının elektron sistemi də tətbiq edilib. Yəni seçicilər bülletenlərdə öz seçimlərini etdikdən sonra həmin o bülletenləri elektron maşınlara daxil edərək öz səslərini elektron vasitə ilə də qeydə alırdılar. Bu da Gürcüstan üçün bir yenilik idi. Bu yeni sistemin tətbiq edilməsində də hansısa bir problem, çətinlik müşahidə edilmirdi. Ümumən, seçkilərin çox normal, sakit tərzdə, insidentsiz keçdiyinin şahidi olduq. Bu missiya tərkibində iştirak etməyimizə görə də məmnun olduğumuzu qeyd etmək istəyirəm”.

Röya İsrafilova