Avropa Gürcüstanı öz toruna sala biləcəkmi? Dünya
Gürcüstan Qərbin hədələri qarşısında möhkəm dayanmalıdır
Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələri Avropanın narahatlılğına səbəb olub. Xatırladaq ki, keçirilən seçkilərin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası 53,9% səs toplayıb.
Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04 %; ”Vahidlik – Milli Hərəkat” 10,16 %; ”Güclü Gürcüstan” 8,81 %; ”Qaxariya - Gürcüstan naminə” Partiyası isə 7,77 % səs toplayıb. Marneulidəki 69 saylı məntəqədə kütləvi bülleten atılması hadisəsi baş verdiyi üçün səsvermənin nəticələri ləğv edilib.
Hakim partiyanın seçkilərdə qələbə qazanması Gürcüstnada hakimiyyət dəyişikliyinə çalışan Avropanın narahatlığına səbəb olub. Artıq bir neçə Avropaölkəsi Gürcüstanla əlaqələrini kəsdiyini bəyanlayıb. Müxalifət mandatlarından imtina edib, seçkilərin yenidən keçirilməsi tələbi irəli sürülüb. İddi olunur ki, hakim partiya seçkilərin nəticələrini saxtalaşdırıb. Hətta"Birlik-Milli Hərəkat"ın liderlərindən biri Giorgi Vaşadze bildirib ki, onların çox konkret tələbi var - seçkilərin yenidən və Beynəlxalq Seçki Administrasiyası tərəfindən keçirilsin.
Gürcüstan Prezidenti Salome Zurabişvuli də müxalifətə qoşulub xalqı üsyana səsləyib.
Belə ki, onun təşkilatçılığı ilə minlərlə insan Tiflisin mərkəzində parlament binası qarşısına toplanıb.
“Buradakı hər kəsə demək istəyirəm ki, siz seçkilərdə uduzmadınız, onlar sizin gələcəyinizi oğurlamağa çalışdılar, amma heç kimin buna haqqı yoxdur”, - Zurabişvili aksiyadakı çıxışında bildirib.
O qeyd edib ki, 26 oktyabrda seçkilərin total şəkildə saxtalaşdırılması baş verib:
“Saxtalaşdırmanın bütün mümkün üsullarından istifadə edilib və “saxtalaşdırmanı ört-basdır etmək üçün müasir texnologiyalar tətbiq olunub. Son seçkilər xüsusi əməliyyat və xalqa qarşı “hibrid müharibə”nin təzahürüdür”.
Prezident iddia edir ki, bu prosesdəRusiyanın aktiv rolu olub və nəticələr Kremlin planı əsasında hazırlanıb.
Lakin Polşa prezidenti Anjey Duda Gürcüstan prezidenti Salome Zurabişvili ilə telefon danışığında ondan Rusiyanın Gürcüstandakı 26 oktyabr tarixli parlament seçkilərinə müdaxilə eddib-etmədiyini soruşub. Gürcüstan prezidenti bununla bağlı əlində heç bir sübutun olmadığını bildirib.
Bu barədə Polşa prezidenti RadioZet radiostansiyasının efirində bildirib.
“O, bunu təsdiq etmədi, heç bir sübut yoxdur”, - deyə Polşa prezidenti Anjey Duda qeyd edib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Zurabişvilinin ittihamlarını rədd edərək, Moskvanın Gürcüstanın daxili işlərinə qarışmadığını və bunu etmək niyyətində olmadığını vurğulayıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Zurabişvilinin həbsini tələb edib.: “Gürcüstanın kukla prezidenti seçkilərin nəticələrini tanımaqdan imtina etdi – belə hallarda standart təcrübə vəzifədən kənarlaşdırılma və həbs etməkdir”.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Gürcüstan Prezidenti Salome Zurabişvilinin "heç kimin Gürcüstanın Avropa gələcəyini əlindən ala bilməyəcəyi" ilə bağlı bəyanatına belə reaksiya verib: “Axmaqlıqdır inanmaq ki, Avropa İttifaqı kiməsə 'Avropa gələcəyini' verə bilər".
"Vaşinqton yeni 'Avropa gələcəyini' Avropa İttifaqından aldı, sabit resurs mənbələrini kəsərək, iqtisadiyyatı məhv edərək, ondan əvvəl isə qeyri-qanuni miqrantlarla Avropanı dolduraraq, Yaxın Şərq və Şimali Afrikada Amerikanın macəraları səbəbindən milyonlarla insan Avropaya axışdı. Buna görə də Avropa İttifaqının kiməsə 'Avropa gələcəyi' verə biləcəyinə inanmaq sadəcə axmaqlıqdır" , - deyə o, qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gürcüstan Prezidentinə sualla müraciət edib: Zurabişviliyə sualım var: niyə Gürcüstanın gələcəyi Avropadan daha pisdir? Fransa vətəndaşına xatırlatmaq istəyirəm ki, Gürcüstan Fransadan böyükdür
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili parlament seçkilərindən sonra müxalifət, prezident və başqaları tərəfindən irəli sürülən bütün ittihamları şərh edərkən söyləyib ki,
BDİPÇ/ATƏT, ATƏT PA, AŞPA, NATO PA və Avropa Parlamentinin birgə missiyası oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin legitimliyini tanıyıb. Bu onların hesabatlarında da əksini tapıb. Lakin məğlubiyyətlə barışa bilməyən radikal müxalifət beynəlxalq təşkilatların rəyini qəbul etmir. Müxalifət nümayəndələrinin müşahidə missiyalarının belə bir qiymətləndirmə vermək hüququna malik olmadığını iddia etməsi gülüncdür.
Macarıstanın Baş naziri Viktor Orban Tbilisidə gürcüstanlı həmkarı İrakli Kobaхidze ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib ki, Gürcüstanda parlament seçkilərinin demokratik keçdiyini heç kim inkar edə bilməz.
"Gürcüstanda seçkilərin nəticələri danılmazdır, onlar azad və demokratik keçib. Avropada hələ mübahisələr olacaq, bunu ciddi qəbul etmək lazım deyil. Əgər liberallar qalib gəlirsə, Brüsseldə deyirlər ki, demokratiya var. Mühafizəkarlar qalib gəlirsə, demokratiyanın olmadığını bildirirlər. Bu, adi haldır", - o vurğulayıb.
Macarıstanın Baş naziri hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasını parlament seçkilərində qələbə münasibətilə təbrik edib.
"Gürcü Arzusu"nun Siyasi Şurasının üzvü, Parlamentin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə deyib ki, müxalifət dövlət çevrilişi ssenarisini izləyir və konstitusion quruluşa qarşı gedir.
O, Gürcüstan xalqının bu cür fəaliyyətləri dəstəkləməyəcəyini əlavə edib.
“Hər şey eynilə bizim daha əvvəl də dediyimiz kimi müxalifət tərəfindən yazılmış ssenari üzrə gedir. Biz bunu ona görə deyirdik ki, onlar texniki hökumət barədə danışırdılar. Biz bunu 90-cı illərdən və digər ölkələrdən də xatırlayırıq, onlar hakimiyyəti güc yolu ilə ələ keçirəndə texniki hökumət qururlar. Ona görə də onlar bütün bu ssenariyə hazırlaşıblar. Onlar seçkiləri qeyri-legitim elan etmək, texniki hökumət qurmaq, bir sözlə, bu mövzuda hər şeyə hazırlaşıblar. Onların izlədiyi çevriliş ssenarisidir və bu, əlbəttə ki, konstitusion quruluşa və demokratik seçkilərə ziddir. Gürcü xalqı belə fəaliyyətlərin ardınca getməyəcək”, - Şalva Papuaşvili deyib.
Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov ölkədə keçirilən seçkilərlə bağlı yaydığı bəyanatda qeyd edib ki, Gürcüstanın öz dövlətçiliyini və ləyaqətini qoruyaraq bütün dünya ölkələri ilə bərabərhüquqlu münasibət quracağına, vətənimizin maraqlarına uyğun gələn bütün beynəlxalq qurumlara inteqrasiya edəcəyinə inanır. O, qeyd edib ki, ölkəmizin sülh və danışıqlar yolu ilə ərazi bütövlüyü təmin olunacaqdır: “Xüsusi olaraq vurğulamaq istərdik ki, Gürcüstanda davamlı sülhün təmin olunması bütün cənubi Qafqazda stabillik və iqtisadi inkişaf deməkdir. Ümidvarıq ki, Gürcüstanımız Qafqazda sülhün arbitri olaraq öz şərəfli missiyasını davam etdirəcəkdir.
Parlament seçkilərinin nəticələrinə görə azərbaycanlılarımızdan Zaur Darğallı, Savalan Mirzəyev və Oktay Kazımov parlamentdə bizi təmsil etmək mandatı qazanıblar. Hər üçünə uğurlar diləyirik. İnanırıq ki, Gürcüstanımızın mənafeyini, seçicilərinin maraqlarını həmişə hər şeydən üstün tutmağı bacaracaqlar. Vətənimiz Gürcüstanın milli dövlətlərimiz Azərbaycan və Türkiyə ilə münasibətlərinin bütün sahələrdə artan dinamika ilə inkişafına böyük ümid bəsləyirik. Hər kəsi ola biləcək provakasiyalardan və qarşıdurmalardan çəkinməyə çağırırıq. Gürcüstan vətəndaşlarının adil seçiminə hörmətlə yanaşan ölkələrə, beynəlxalq qurumlara öz dərin təşəkkürümüzü bildiririk”.
Siyasi şərhçi Fuad Əliyevin fikrincə, Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri xalqın ifadəsidir: “Həmişə belə olub, seçkilərdə məğlub olan tərəf narazı qalır. Amma burada daxildə müxalifətlə yanaşı, Qərb də narahatdır. Avropanın narahatlığl maraqlıdır. Sirr deyil ki, Avropa Gürcüstanda siyasi sabitliyi poazmaq istəyir. Avropa Gürcüstanı öz ağuşuna, təsiri altına salmaq niyyətindədir. Cənubi Qafqazda iki ölkə - Azərbaycan və Gürcüstan Avropanın təsirinə boyun əyməyib. Avropa Azərbaycanı ram edə bilmir, çünki rəsmi Bakının qətiyyətli mövqeyi, prinsipiallığı qarşısında duruş gətirə bilmir. Gürcüstana təzyiqlər vasitəsilə tora salmağa cəhd edir. Bu başqa bir ölkənin daxili işlərinə qarışmaqdır. Hədə-qorxu ilə buna nail olmaq mümkün deyil. Baxın, bir neçə ölkə Gürcüstanla münasibətlərinə yenidən baxacağı barədə bəyanat veriblər, hətta bəzisi əməkdaşlığı dayandırıb. Bu çirkin kampaniya nəyə hesablanıb. Gürcüstan parlament seçkiləri keçirib, xalq öz seçimini edib, onun daxili işlərinə qarışmaq, vətəndaşının səsinə müdaxilə etmək insan haqlarının kobud şəkildə pozulması deməkdir ki, Qərb bunu yaxşı bacarır. Avropa öz gözündə tiri görmək istəmir, amma başqasının gözündə tük axtarır. Avropanın bir məqsədi var, ya buradakı ölkələri öz toruna salmaq, buna nail ola bilmirsə, bölgədə siyasi sabitliyi pozmaq. Ümid edirəm ki, gürcü xalqı, hakimiyyəti Azərbaycandan nümunə götürərək Avropanın hədə-qorxularından bir addım da geri çəkilməyəcək”.
Cavid